İlham Əliyev: Biz xarici borcları sıfıra endirə bilərik

10:54 - 26.10.2018


26 oktyabr, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev “Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusunda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumunun açılışında nitq söylədi.

Dövlət başçısı bildirib ki, Azərbaycan son 15 il ərzində iqtisadi sahədə ən sürətli inkişaf templərini nümayiş etdirib.

“Bu, rekord göstəricidir. Çünki son 15 il ərzində ümumi daxili məhsul 3,2 dəfə artıb və beləliklə, Azərbaycan çox böyük inkişaf yolunu keçib. Biz iqtisadi sahədə tam müstəqillik əldə etmişik. İqtisadi müstəqillik, əlbəttə ki, siyasi müstəqilliyimizi möhkəmləndirir. Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır, xarici kreditlərdən asılı iqtisadiyyat deyil. Biz nəinki kreditlərin alınmasını demək olar ki, dayandırmışıq, özümüz bəzi ölkələrə kreditlərin verilməsinə başlamışıq”, - İlham Əliyev bunu deyib.

Onun sözlərinə görə, makroiqtisadi sabitlik Azərbaycanda çox yüksək səviyyədədir. Xarici borc ümumi daxili məhsulun cəmi 20 faizini təşkil edir. Bununla belə, bizim maliyyə ehtiyatlarımız xarici borcumuzdan 4-5 dəfə çoxdur.

“Biz xarici borcumuzu bir neçə ay ərzində sıfır səviyyəsinə endirə bilərik. Azərbaycanda yoxsulluq şəraitində yaşayan insanların sayı son 15 il ərzində 49 faizdən 5,4 faizə düşübdür. İşsizlik bir sosial problem kimi demək olar ki, aradan götürülür, işsizlik 5 faiz səviyyəsindədir. Nəzərə almalıyıq ki, bu illər ərzində ölkə əhalisi də artır və əhali hər il ən azı 100 min nəfər artır. Ona görə bizim iqtisadi inkişafımız və o cümlədən sosial infrastrukturun yaradılması daimi proses olmalıdır”, - deyə dövlət başçısı vurğulayıb.

 

Bütün xəbərlər