AzerGold və Ekologiya və Təbii Sərvətlər Nazirliyi memorandum imzaladılar

26.10.2018,12:23


26 oktyabr, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə “AzerGold” QSC arasında “Çovdar” mədənində memorandum imzalanıb.

“AzerGold”un məlumatında deyilir ki, memorandumu Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev və “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov imzalayıblar.

“Memorandum çərçivəsində ölkə ərazisində mövcud filiz yataqlarının tədqiqi, kəşfiyyatı, işlənməsi, bu sahədə yeni texnologiyaların tətbiqi, “AzerGold” QSC-nin istifadəsində olan bir sıra faydalı qazıntı yataqlarının geoloji kəşfiyyatında birgə fəaliyyət, əlvan metal filizi yataqları üzrə məlumatların rəqəmsallaşdırılması nəzərdə tutulub”, - məlumatda belə deyilir.

Memorandum yeni parametrlər çərçivəsində əməkdaşlığın genişləndirilməsi və optimallaşdırılması, elmi və texnoloji inkişafa dəstək və geoloji kəşfiyyat və mədənçilik sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsinə tövhə verməyi  əhatə edir.