Ekologiya Nazirliyi Bakıda 9 iaşə obyektinin bağlanmasını tələb edir

26.10.2018,17:08


26 oktyabr, Fineko/abc.az. Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 iaşə obyektinin bağlanılması ilə əlaqədar məhkəmə orqanlarına müraciət edib.

Qurumun Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin müdiri Ramal Bağırovun fikrincə, ictimai iaşə obyektləri tərəfindən ekoloji tələblərə riayət edilməsinə dair son xəbərdarlıqdan artıq 5 ay keçdi.

“Monitorinq prosesi may ayında başlanıb və indi də davam edir. Bu günə qədər 301 iaşə obyektində monitorinq keçirilir. Nazirliyin tövsiyələrinə baxmayaraq, xüsusi təmizləmə avadanlıqları yalnız 53 obyektdə quraşdırılıb, 180 obyektdə işlər aparılır. Ötən dövr ərzində bu cür avadanlıqlar bütün obyektlərdə quraşdırıla bilərdi, ancaq müddətin başa çatması səbəbindən 58 obyektə qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülmüşdür”, -  deyə R. Bağırov bildirib.

Onun sözlərinə görə, 9 obyektin fəaliyyətini dayandırmaq məqsədilə məhkəmə orqanlarına müraciət üçün müvafiq materialların hazırlanması da davam edir. Sözügedən obyektlər, Yasamal rayonunda “Filiz Palace”, Binəqədi rayonunda “Tаrlan”, Nizami rayonunda “Milord”, “Xаmsа”, “Dan ulduzu”,  Xətai rayonunda  “Neapol”, Suraxanı rayonunda  “Turan”,  Sabunçuda  “Arzu” obyektidir.

 

Açar sözlər: ekologiya iaşə obyekti