Yanvar-sentyabr aylarında Azərbaycanın bank sisteminin cəmi aktivləri 29 milyard manatdan çox olub

11:32 - 29.10.2018


29 oktyabr, Fineko/abc.az.  Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) 2018-ci ilin 9 ayında bank sektorunun statistikalarını açıqladı.

MBNP-nin məlumatında deyilir ki, 30 sentyabr 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29,201.8 mln. manat təşkil edib.

“30 sentyabr tarixində kredit portfeli 11,901.4 mln. manat, cəmi öhdəlikləri isə 25,089 mln. manat, bank sektorunun balans kapitalı 4,112.8 mln. manat təşkil edib”, - MBNP-nin məlumatında belə deyilir.

2018-ci ilin sentyabr ayı ərzində bank sektorunun aktivləri 3.8% (1,074.7 mln. manat), öhdəlikləri 4.2% (1,011.5 mln. manat), balans kapitalı isə 1.6% (63.2 mln. manat) artıb. Kredit portfelin dinamikasında əhəmiyyətli dəyişiklik baş verməyib. Cari ilin əvvəli ilə müqayisədə isə bank sektorunun kredit portfeli üzrə 5% (563.8 mln. manat) artım olub.

Fiziki  şəxslərin əmanətləri 2.2% (175 mln. manat) artaraq 8,114.9 mln. manat təşkil edib. Ümumilikdə, 2018-ci ilin 9 ayında fiziki şəxslərin əmanətləri 7.6% artıb.

“Cari ilin 9 ayı ərzində 509.1 mln. manat əməliyyat mənfəəti, 171.8 mln. manat xalis mənfəət generasiya edib”, - deyə məlumatda qeyd edilir.

Hesabat dövründə ölkədə fəaliyyət göstərən 30 bankın filiallarının sayı 511, şöbələrinin sayı 143, ATM-lərin sayı  2 479 olub. Bank  sektorunun  işçi  heyəti  sentyabr  ayında  0.8% (138 nəfər) artaraq 17 066  nəfər təşkil edib. Ümumilikdə isə cari ilin 9 ayında sektorda çalışanların sayı 5.5% (895 nəfər) artıb.

 

Bütün xəbərlər