Azərbaycanda keçiriləcək III Beynəlxalq Bankçılıq Forumu rəqəmsal bank xidmətinə həsr olunacaq

13:15 - 29.10.2018


29 oktyabr, Fineko/abc.az. Bakıda “Nağdsız iqtisadiyyat: ənənəvi bankçılıqdan rəqəmsal bankçılığa keçid” adlı III Beynəlxalq Bankçılıq Forumu keçiriləcək.

Azərbaycan Banklar Assosiasiyasının (ABA) məlumatında deyilir ki, Forum 15-16 noyabr 2018-ci il tarixlərində Azərbaycan Mərkəzi Bankı, Maliyyə Bazarlarına Nəzarət Palatası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi,  həmçinin ABA-nın təşkilatçılığı ilə keçiriləcək.

“Forumun məqsədi iqtisadiyyatın nağdsızlaşdırılması ilə bağlı təşəbbüslərin və qarşıdakı çağırışların, rəqəmsallaşma, maliyyə texnologiyalarına dair mövcud vəziyyət, yeni və gələcək trendlərin, müasir bank məhsullarının, komplayens sahəsindəki yeniliklər və risklərin, həmçinin qeyd olunanların mövcud hüquqi çərçivəyə uyğunluğu və adaptasiyası imkanlarının, bu proseslərin bankların maliyyə dayanıqlığının daha da gücləndirilməsinə təsiri məsələlərinin, eləcə də digər əlaqədar mövzuların müzakirə edildiyi platforma olmaqdır”, - məlumatda belə deyilir.

Məlumatda qeyd edilir ki, sayca üçüncü olacaq Beynəlxalq Bankçılıq Forumunda ABŞ, Yaponiya, Avropa, Çin və MDB ölkələrindən 100-ə yaxın beynəlxalq təşkilatların və nüfuzlu şirkətlərin nümayəndələri iştirak edəcək.

İştirakçılar və spikerlər arasında “Citibank”, “Commerzbank AG”, Raiffeisen Bank International AG, “Standard Chartered Bank” kimi nəhəng banklar, həmçinin “Mastercard”, “Discover Financial Services”, “DinersClub”, “American Express”, “Samsung Pay”, “UnionPay”, “Ernst & Young”, “Deloitte”, “Moody’s Investors Service”, “PricewaterhouseCoopers LLP”, “Yandex.Money”, “SWIFT”, Türkiyənin “Banklararası Kart Mərkəzi”, “BPC Banking Technologies”, “KOBIL Systems” və sair kimi nüfuzlu maliyyə-texnologiya şirkətlərinin, xarici mərkəzi bankarın nümayəndələri də var.

İki gün ərzində təxminən 25 mövzu müzakirə ediləcək, xarici və yerli spikerlər rəqəmsal bankçılıq və nağdsız iqtisadiyyatın dəyişilməsi ilə əlaqədar təqdimatlar keçirəcək, fikir və təcrübə mübadiləsi keçiriləcək.

 

Bütün xəbərlər