İlham Əliyev Şəki-Kış yolunun açılışında iştirak etdi

15:04 - 29.10.2018


29 oktyabr, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəki-Kiş avtomobil yolunun açılışında iştirak ediblər.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına və xanımına yolun texniki göstəriciləri barədə məlumat verdi.

Yolun  uzunluğu 7,2 kilometrdir. Şəki-Kiş avtomobil yolu uzun müddət təmir olunmamışdı və hərəkət hissəsi sıradan çıxmışdı ki, bu da nəqliyyat vasitələrinin hərəkətində problemlər yaradırdı. 17 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Şəki-Kiş avtomobil yolunun yenidən qurulması Azərbaycan Prezidentinin Sərəncamına əsasən həyata keçirilib. Görülən işlər nəticəsində yol iki hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Layihəyə uyğun olaraq 7 metr enində yol əsası və 2 metr enində çiyinlər də daxil olmaqla yeni salınan yol yatağının eni 12 metrdir. Yol boyunca müxtəlif diametrli suötürücü borular tikilib, zəruri yerlərdə yol nişanları quraşdırılıb, yol-cizgi və yolgöstərici xətlər çəkilib, avtobus dayanacaqları tikilib.

Həmçinin Kiş çayı üzərində körpünün bərpası işləri də aparılıb. Yeni inşa edilən körpünün uzunluğu 88,2 metr, hərəkət hissəsinin eni 8 metrdir. Körpünün hər iki tərəfində eni 1,5 metr olan piyada səkiləri də yaradılıb. Dayaqsız biraşırımlı körpünün çay yatağından hündürlüyü 7 metrdir. Bu isə gələcəkdə sel sularının körpüyə zərər vurmasının qarşısını alacaq. Çayda sel suları nəzərə alınaraq körpünün təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı və profilaktik tədbirlər həyata keçirilib. Layihə çərçivəsində çayda su axınının tənzimlənməsi və yaşayış məntəqələrini sel sularından qorumaq üçün sağ sahildə mövcud qazma-doldurma svay əsaslı monolit beton istinad divarlarının 32 metr hissəsinin hündürlüyü artırılıb, sol sahildə isə 45 metr uzunluğunda yeni su tənzimləyici qurğu inşa olunub.

 

Bütün xəbərlər