Azərbaycan və Türkiyə dəmiryolçuları Türkiyənin dəmir yollarında Azərbaycan yük vaqonlarının imkanlarını sınaqdan keçiriblər

17:23 - 29.10.2018


29 oktyabr, Fineko/abc.az. Azərbaycanın yük vaqonlarının Türkiyə dəmir yollarında istismarı imkanları sınaqdan keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatında deyilir ki,  QSC-nin vaqon xidmətinin

rəisi Bəşir Əsədov və texniki-istehsalat şöbəsinin rəisi Əlövsət Nəcəfov Türkiyə Cümhuriyyəti Dövlət Dəmir Yolları Daşımaçılıq təsərrüfatının mühəndisləri ilə birgə Azərbaycan yük vaqonlarının Türkiyə dəmir yollarında istismarı imkanlarını sınaqdan keçiriblər.

“Azərbaycan Dəmir Yollarına məxsus olan bir ədəd yarımvaqon Türkiyə dəmir yolunun Qars stansiyasında yerli qatarın tərkibinə qoşulmaqla, Sarıqamış, Ərzurum, Ərzincan, Dibriği, Bostanqaya kimi böyük stansiyalardan keçərək Sivas stansiyasına qədər 8 saatlıq yol qət edib.

Aparılan sınağın nəticələrinə görə, Azərbaycan Dəmir Yollarına məxsus olan yük vaqonları Türkiyə ərazisindən yük daşımalarına cəlb edilə bilər və qarşılıqlı yük mübadiləsində əhəmiyyətli rol oynamaq imkanına malıkdir”, - məlumatda belə deyilir.

Məlumatda deyilir ki, Azərbaycan Dəmir Yollarına məxsus yük vaqonları 1520 mm izli yollarda hərəkət edir və Türkiyədə mövcud olan 1435 mm izli yollara daxil olmaq üçün Gürcüstanın Axalkalaki stansiyasında təkər cütlərinin dəyişdirilməsi həyata keçirilir.

 

Bütün xəbərlər