Energetika naziri Qazaxıstanda bir sıra görüşlər keçirib

14:29 - 31.10.2018


31 oktyabr, Fineko/abc.az. Azərbaycan-Qazaxıstan ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 15-ci iclası çərçivəsində Astanada səfərdə olan energetika naziri Pərviz Şahbazov bir sıra görüşlər keçirib. Pərviz Şahbazovu Qazaxıstanın investisiya və inkişaf naziri Jenis Kasımbek qəbul edib. Görüşdə iki ölkə arasında mədəni-tarixi əlaqələrin enerji-nəqliyyat layihələri ilə möhkəmlənərək inkişaf etdiyi, bütün sahələr üzrə yüksək əməkdaşlıq münasibətlərinin mövcudluğu qeyd edilib. Energetika naziri hər iki ölkə prezidentlərinin mütəmadi görüşlərinin ölkələr arasında əməkdaşlığa böyük töhfə verdiyini söyləyib. Cari ilin 9 ayı ərzində ticarət dövriyyəsi və idxal-ixrac əməliyyatlarında artımın olmasını qarşıya qoyulmuş vəzifələrin icrasının göstəricisi kimi qiymətləndirib. Əməkdaşlıq üçün perspektiv istiqamətlərdən bəhs edib. Nazir İpək Yolu üzərində yerləşən ölkələr kimi Azərbaycan  və Qazaxıstanın nəqlliyyat sahəsində yeni layihələr həyata keçirmək, kənd təsərrüfatı, turizm, hava nəqliyyat, müdafiə sənayesi və gəmiqayırma sahələrində əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.  

Qazaxıstanın investisiya və inkişaf naziri Jenis Kasımbek bütün sahələr üzrə əməkdaşlıq potensialından istifadəyə hazır olduqlarını, Bakı-Tbilsi-Qars dəmir yolu vasitəsilə böyük həcmlərdə yükdaşımalarına və kənd təsərrüfatı, xüsusilə tərəvəz  məhsullarının idxalına maraq göstərdiklərini bildirib.

Görüşdə Qazaxıstanda turizm və ticarət evlərinin açılması məsələsi də  müzakirə edilib.

Qazaxıstanın Milli İqtisadiyyat naziri Timur Süleymanov ilə görüşdə isə ikitərəfli əməkdaşlıq məsələləri və 2018-2020-ci illəri əhatə edən Strateji yol xəritəsi üzrə ötən dövr ərzində görülən işlər müzakirə edilib. Qazaxıstanın infrastruktur layihələrində Azərbaycan şirkətlərinin iştirakı, energetika və kənd təsərrüfatı sahəsində işçi qrupları səviyyəsində baxılan məsələlərin reallaşdırılmasının vacibliyi qeyd olunub. Gələn il bir sıra ikitərəfli iqtisadi tədbirlərin həyata keçirilməsi barədə razılıq əldə olunub.

Bütün xəbərlər