330x110
 

AHK Azərbaycan üzvlərinin DGK sədri Səfər Mediyev ilə görüşündə gömrük sahəsindəki əsas islahatlar müzakirə olunub

31.10.2018,14:42


31 oktyabr, Fineko/abc.az. 31 oktyabr 2018-ci il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) Hyatt Konfrans Mərkəzində üzv şirkətlər üçün növbəti AHK-İmpuls tədbirini təşkil edib.

Cari tədbirin əsas mövzusu Azərbaycanda gömrük sahəsində davam edən islahatlar və son yeniliklər olub. Tədbirin fəxri qonağı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri cənab Səfər Mehdiyev “Ticarətin asanlaşdırılması üçün aparılan gömrük islahatları” adlı məruzə ilə çıxış edib. Gömrük sistemində aparılan əsas islahatlar haqqında məlumat verən cənab Mehdiyev şəffaflığın təmin olunması və korrupsiyaya qarşı mübarizənin aparılması nəticəsində idxalda artımın müşahidə olunduğunu qeyd edib. Cənab Mehdiyev, həmçinin beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində atılan addımlar, Avropa İttifaqı ilə əməkdaşlıq nəticəsində Aİ ölkələrinin gömrük sistemləri modelinin Azərbaycana tətbiqi haqqında danışıb və dünya ticarətində baş verən yeniliklərin Azərbaycanda gömrük sahəsindəki islahatlarda nəzərə alındığını bildirib.

O cümlədən, qeyd olunub ki, Azərbaycanın Ümumi Tranzit Konvensiyasına qoşulması gömrük proseslərinin daha da sadələşdirilməsi və sənədləşmə işlərinin azaldılmasında xüsusi rol oynayacaq. Cənab sədr bildirib ki, bu sahədə işçi qrupu yaradılıb və layihənin ilkin mərhələsi həyata keçirilməkdədir. Müasir və sadə prosedurların tətbiqi və qanunvericiliyə uyğunlaşdırılması barədə çıxış edən DGK sədri yaşıl dəhliz sisteminin təkmilləşdirilməsi və gömrük xidmətlərinin səviyyəsinin yüksəldilməsi istiqamətində aparılan işlər barədə tədbir iştirakçılarını məlumatlandırıb və gömrük rüsumlarının ödənilməsində könüllülük prinsipinin tətbiqinin vacibliyini vurğulayıb.

Təşkilati-struktur və kadr islahatlarına xüsusilə toxunan cənab Mehdiyev Komitədə ciddi kadr dəyişiklikləri və struktur islahatlarının həyata keçirilməkdə olduğunu bildirib. Yeni gömrük məcəlləsi və normativ sənədlərin beynəlxalq ekspertlərin rəy və tövsiyələri nəzərə alınaraq qəbul olunduğu,strukturda Avropa standartlarının tətbiq olunduğu qeyd olunub. Eyni zamanda, bildirilib ki, məmur-vətəndaş təmasının minimuma endirilməsi qurumun hazırkı prioritetlərindən biridir və bu istiqamətdə elektron xidmətlərin keyfiyyətinin və sayının artırılması və statistik məlumatların hökumət məlumat portalına inteqrasiyası sahəsində görülən işlər davam etdirilir. Çıxışının sonunda cənab Mehdiyev bu cür görüşlərin gömrük sahəsində aparılan tədbirlərin uğurlu şəkildə davam etdirilməsinə töhfə verdiyini və tədbirdə biznes nümayəndələri tərəfindən irəli sürülən rəy və təkliflərin gələcək islahatlarda nəzərə alınacağını qeyd edib.

AHK Azərbaycan üzvlərinin gömrüklə bağlı sorğularının cavablandırıldığı Sual-Cavab sessiyasından sonra BDO Azərbaycan MMC şirkətinin Hüquqi Xidmətlər departamentinin rəhbəri cənab Sabit Abdullayev və Baş Meneceri cənab Azər Əkbərov “Azərbaycanda hasilat sənayesində benefisiar sahiblik məlumatlarının açıqlanmasına dair yol xəritəsinin tətbiqinə dəstək” mövzusunda təqdimat keçirib.

Açar sözlər: AHK Azərbaycan