Caspian European Club Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə birgə biznes-forum keçirib

17:14 - 1.11.2018


1 noyabr, Fineko/abc.az. Caspian European Club-un Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin iştirakı ilə bu gün (1 noyabr) təşkil etdiyi biznes-forumda ölkəmizdə elm və biznes arasında dialoqun genişləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Biznes-forumda çıxış edən akademik forum iştirakçılarını maraqlandıran bütün suallara cavab verərək, AMEA-nın fəaliyyəti və “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin nailiyyətləri üzərində xüsusilə dayanıb. Аkademik Akif Əlizadə Akademiyada elmin prioritet istiqamətlərində aparılan araşdırmalardan, əldə olunan nəticələrdən və nüfuzlu beynəlxalq elmi təşkilatlarla əməkdaşlıq əlaqələrindən danışıb. Akademik humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair geniş müzakirələr aparmaq üçün platforma olan forumun əhəmiyyətindən söz açıb. Forumun sahibkarlarla “AMEA Yüksək Texnologiyalar Parkı” MMC arasında əməkdaşlığın dərinləşdirilməsinə böyük töhfə verəcəyini qeyd edib.

Biznes-forumda çıxış edən Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev konstruktiv dialoqa, həmçinin tədbir zamanı Klub üzvləri tərəfindən səsləndirilmiş təklif və xahişlərə göstərilən diqqətə görə akademik Akif Əlizadəyə minnətdarlığını bildirib.

Biznes-forumda Caspian European Club və “AMEA Yüksək Texnologiyalar Parkı” MMC arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Tədbirdə dövlət və özəl şirkətlərin rəhbərləri, bir sıra diplomatik qurumların və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy İnternational Media Group-un fəal iştirakı ilə yaradılıb.

2016-cı il dekabrın 24-də Caspian American Club, 2018-ci il yanvarın 26-da Caspian Asian Club təsis olunub. Hər iki təşkilat 2 il ərzində Caspian European Club-un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaq. Caspian European Club-a daxil olan bütün şirkətlər avtomatik qaydada Caspian American Club və Caspian Asian Club-un, Caspian American Club və Caspian Asian Club-a daxil olanlar isə Caspian European Club-un üzvü hesab olunurlar.

Caspian European Club-un əsasını Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev qoyub.

Bütün xəbərlər