İstiqrazlar həm yatırım, həm də yığım üçündür - MÜSAHİBƏ

02.10.2017,10:33


Artıq bir ilə yaxındır ki, Azərbaycanda pul yatırmaq üçün yeni sahə yaranıb. Qiymətli kağızlar bazarı ölkədə çoxdan mövcud olsa da, əhali tərəfindən bu bazara əsl axın ötən ilin oktyabrından – SOCAR İstiqrazlarının buraxılmasından başlayıb. İstiqrazlar, onlara yatırım və bu kağızlardan faydalanmaq imkanları ilə bağlı suallara SOCAR Capital şirkətinin investiiya və əməliyyatlar Departamentinin direktoru Elxan Həsənov cavab verir.

- Elxan müəllim, hazırda qiymətli kağızlar bazarındakı vəziyyəti necə qiymətləndirirsiniz? İndiyədək bu bazarla maraqlanan və əməliyyat aparanlar az idi. İndi vəziyyət necədir?

- Qiymətli kağızlar Azərbaycanda uzun müddətdir ki, var və inkişaf etməkdədir. Amma son iki il ərzində yeni istiqrazların, yəni həm dövlət, həm də SOCAR istiqrazlarının buraxılışı ilə qiymətli kağızlama maraq daha da artmaqdadır. SOCAR istiqrazları buraxılandan sonra isə vətəndaşların və şirkətlərin bu bazara marağı və tələbi daha da artıb. Xüsusilə fiziki şəxslər üçün bu istiqrazlar və onun sayəsində qiymətli kağızlar bazarı əsl yenilik oldu.

- Əhali başqa qiymətli kağızlarla o qədər də maraqlanmadığı halda birdən-birə SOCAR istiqrazlarına niyə belə maraq göstərdi?

- Ən böyük səbəb odur ki, SOCAR, istiqrazların qiyməti ilə bağlı zəmanət verib. Yəni bildirib ki, bu istiqrazların qiyməti heç vaxt 1000 dollardan aşağı olmayacaq. Yəni istiqraz sahibi nə vaxtsa, hansısa səbəbdən istiqrazı satmaq istəsə, azı 1000 dollardan sata biləcək. Məhz bu zəmanət, vətəndaşların istiqrazlara inamını artırdı. Nəticədə həm ilkin yerləşdirmə zamanı, həm də hazırda təkrar bazarda istiqrazlara böyük maraq var. Son məlumatları sizə deyə bilərəm ki, istiqrazların dövriyyəyə buraxıldığı 11 ay ərzində onlarla təqribən 110 milyon dollarlıq əməliyyat aparılıb. Bu çox yüksək göstəricidir, bazarda heç bir qiymətli kağız belə aktiv alınıb-satılmır.

- İstiqrazlarını satmaq istəyənə SOCAR necə zəmanət verir?

- Baxın, ənənəvi istiqrazlarda mexanizm belədir: istiqraz müəyyən müddətə buraxılır və onun müəyyən illik gəlirliliyi olur. İstiqrazı buraxan təşkilat faizləri hər il ödəsə də, istiqrazın özünə yatırılan vəsaiti, yəni “ana məbləği” yalnız müddət başa çatandan sonra geri alır. Yəni belə istiqrazı alanlar öz yatırımlarını yalnız istiqrazın müddəti - 2 il, 5 il bitəndən sonra geri ala bilirlər. Əgər ondan əvvəl müştəriyə təcili pul lazımdırsa, və o hökmən istiqrazı satmalıdırsa, onu bazardakı qiymətə satmalı olur. Bu zaman qiymətlər nominaldan aşağıdırsa, müştəri istiqrazı ucuz satıb zərər edə bilər. Məsələn 1000 dollarlıq istiqrazı 700 dollara satmalı olacaq.

SOCAR istiqrazında isə bu məsələ fərqlidir. SOCAR istiqraz buraxanda bildirdi ki, istiqrazı azı 1000 dollardan almağa hazırdır.  Yəni istiqrazların qiyməti 1000 dollardan aşağı düşməyəcək və müştəri heç bir zərər etməyəcək. Bu əslində dünyada görünməmiş yenilikdir.

- İndiyədək bu mexanizmdən istifadə edən olub?

- Əlbəttə, bu mexanizm işləyir, amma istiqrazları almaq istəyənlər o qədər çoxdur ki, satmaq istəyənlər onları həmişə 1000 dollardan daha yüksək qiymətə satırlar. SOCAR-ın özünün zəmanətinə, yəni istiqrazları geri almasına ehtiyac qalmır. İstiqraz sahibləri isə onları yüksək qiymətə satıb qazanıblar.

- Elxan müəllim, istiqrazların alıcıları kimlərdir? Adi vətəndaşlar, yoxsa şirkətlər?

- İstiqrazları, həm hüquqi şəxslər, həm də fiziki şəxslər alır. Ötən 11 ay ərzində istiqraz alan vətənaşların sayı 2 dəfə artıb. Bura həm istiqrazları yenidən alan müştərilərimiz - hansı ki, ilkin yerləşdirmədə almışdılar, sonra onların üstünlüklərini görərək, yenə də istiqraz alaraq öz portfellərini artırdılar -  həm də yeni müştərilər aiddir. İstiqrazı alan şirkətlər də artır, amma vətəndaşların artımı daha böyükdür.

- SOCAR istiqrazlarını nə məqsədlə alırlar – pulu artırmaq, yoxsa sadəcə qoruyub saxlamaq üçün?

-   Əvvəlki dövrlə müqayisə etdikdə məqsədlər bir qədər dəyişib.  Əvvəllər vətəndaşlar pullarını itirməmək üçün istiqrazlara yatırırdılar. ASAN Xidmət mərkəzlərindəki satış nöqtələrinə müraciət edən vətəndaşlarla söhbətlər zamanı onlar bildirirlər ki, əvvəllər sadəcə pullarını qorumaq üçün istiqraz alırdılar. İndi isə əksinə, təkcə qorumaq üçün deyil, gəlir əldə etmək üçün alırlar. Çünki SOCAR istiqrazları üzrə gəlirlilik maliyyə bazarında ən yüksək səviyyədədir.

- İstiqrazların gəlirliyi nə qədərdir?

- Gəlirlik ildə 5%-dir. Məsələn, 50 min dolarlıq istiqraz alan adam, ildə 2500 dollar faiz qazanacaq. Müqayisə üçün  bildirim ki, banklarda bu gəlirlik maksimum 3%-dir. Yəni həmin 50 min dolları banka yatıranda 1500 dollar gəlir gətirir. Ən əsası, istiqrazlarda faizlər hər 3 aydan bir ödənilir. Yəni haqqında danışdığımız 2500 dollarlıq faiz gəliri 4 bərabər hissə ilə, 3 aydan bir 625 dollar olmaqla istiqraz sahibinin bank hesabına köçürülür. Ödəniş vaxtı da əvvəlcədən məlumdur – 17 yanvar, 17 aprel, 17 iyul və 17 oktyabr. Yəni istiqraz sahibi nə vaxt, hətta hansı gün pul qazanağını əvvəlcədən bilir.

- İndiyədək SOCAR istiqrazları üzrə nə qədər faiz ödənilib?

- Bildiyiniz kimi, SOCAR istiqrazları 100 milyon dollarlıq həcmdə buraxılıb və istiqraz sahiblərinə ildə 5 milyon dollar ödənilir. İndiyədək 3 faiz ödənişi çərçivəsində istiqraz sahibləri 3,75 milyon dollar alıblar, oktyabrın 17-də isə daha 1,25 milyn dollar ödəniləcək və onların toplam qazancı 5 milyon dollar olacaq.

- Elxan müəllim, pulu olan şəxs, niyə onu istiqraza yatırmalıdır, yəni niyə elə evində saxlamasın ki?

- Əlbəttə, bu vətəndaşın seçimindən asılıdır. Amma nəzərə almaq lazımdır ki, evdə saxlanılan pul və digər qiymətli əşyalarla bağlı bəzi risklər var. Bunlardan birincisi onun oğurlanmasıdır. Bu böyük riskdir, xüsusilə söhbət böyük məbləğdə, məsələn 100 min dollarlıq vəsaitdən gedirsə, onun evdə saxlanması risklidir.

- Bəs istiqrazları oğurlamaq mümkün deyil?

- Xeyr, onlar elektron qeydiyyatdadır. İstiqraz sahibi bütün sənədlərini itirsə də, elektron hesabında olan istiqrazları heç kim istifadə edə bilməz. Daha sonra vətəndaş sadəcə şəxsiyyət vəsiqəsini təqdim etməklə pulunu ala biləcək.

Evdə saxlanan pullarla bağlı risklərdən biri pulun xərclənməsidir. Əlində pulu olan adam, istər-istəməz onu xərcləməyə, istifadə etməyə can atır, məsələn, maşınını təzələyir, o qədər də vacib olmayan xərclər edir və s. Bu da vətəndaşların pullarını azaldır. Və ya onlardan borc pul istəyə bilərlər, imtina edə bilməsələr borc verməli olacaqlar ki, bu da öz-özlüyündə bir riskdir. Hər halda istiqraz almaq üçün müraciət edən müştərilərdən bəziləri məhz buna görə pullarını istiqrazlara yatırdıqlarını bildirirlər. 

- Bir qədər əvvəl belə məlumat yayılmışdı ki, bəziləri hətta avtomobilini də sataraq istiqraza yatırırlar. Bu məlumat doğrudur?

- Bəli belə hallar olub, bizim *1999 qaynar xəttimizə müraciət edən müştəri bildirmişdi ki, maşınını satıb istiqraz almaq istəyir. Əməkdaşlarımız səbəbilə maraqlananda həmin şəxs bildirdi ki, maşın bahalıdır, onu saxlamaq da baha başa gəlir, ikincisi, onun qiyməti getdikcə aşağı düşür, onu tezliklə satmaq da olmur. İstiqrazı isə istədiyim vaxt pula çevirə bilərəm. Onun ilk sualı da beləydi ki, mən istiqrazı istədiyim vaxt sata bilərəmmi? Bunları dəqiqləşdirəndən sonra gedib aldılar. Belə hal bir neçə dəfə olub.

- Doğrudan da, istiqrazı istənilən vaxt satmaq olarmı? Yəni SOCAR istiqrazını pula çevirmək prosesi nə qədər vaxt aparır?

- Əlbəttə, bizim istiqrazların, digər yatırımlardan əsas üstünlüyü də elə budur. Baxın, müştəri səhər istiqrazı satmaq istədiyini bildirir, artıq günortadan sonra pul onun hesabındadır. Bəzi hallarda bu daha tez baş verir. Başqa heç bir sahədə belə likvidlik yoxdur.

- Gəlin konkret misalla izah edək: tutaq ki, mənim 50 min dollarlıq istiqrazım var. Əgər mən bu pulları bankda saxlasaydım, həmin pulun bir hissəsini götürəndə, əmanət müqaviləsi pozulur və faiz hesablanmır. İstiqrazlarda necədir – 50 min dolarlıq istiqrazın tutaq ki, 20 min dollarlıq hissəsini götürüb pula çevirmək olarmı? Bu zaman faizlər itmir ki?

- Çox vacib məsələdir, biz bu sualı tez-tez eşidirik. Bəziləri pulun bir hissəsini çıxarıb, bir problemini həll etmək və ya xeyir iş etmək istəyirlər. Həmin hissəni pula çevirirlər, qalan hissə isə gəlir gətirməkdə davam edir.

Bu investor üçün çox mühüm məsələdir. Çünki bəzən yatırımın yalnız bir hissəsini pula çevimək tələb olunur.  SOCAR istiqrazlarında dediyim kimi, bunu etmək çox asandır. Digər sahələrdə isə vəziyyət fərqlidir. Məsələn, təsəvvür edin ki, iri, təqribən 1 milyon dollarlıq bir obyektiniz var, və sizə müyyən qədər  pul lazımdır.

Adətən belə obyekti satıb pula çevirmək üçün neçə aylar, hətta bir ilədək müddət tələb olunur. Böyük endirim etmədən bu mümkün deyil. Obyektin ayrıca bir hissəsini də satmaq mümkün deyil. Deməli, obyektin sahibi məcbur qalaraq obyekti aşağı qiymətə, ucuz satmalı olacaq. İstiqrazı isə dediyim kimi, həm bütünlüklə, həm də hissə-hissə satıb pula çevirmək olar.

- Biz indiyədək fiziki şəxs olan alıcılardan danışırıq, bəs şirkətlərin SOCAR istiqrazlarına marağı necədir? Çünki xarici ölkələrdə istiqrazların əsas alıcıları şirkətlərdir. Bizdə bu vəziyyət necədir?

- Elədir, xaricdə isiqrazların əsas alıcıları şirkətlərdir. Çünki onlar öz xərc və gəlirləri ilə bağlı planlarını əvvəlcədən tutur, yəni nə vaxt, hansı məbləği hara xərcləyəcəkləri əvvəlcədən məlum olur. Məsələn, onların ödəmə vaxtı, maaş vaxtı və s. məsələlər qrafik üzrədir. Ona görə də şirkətlər gəlirlərinin də dəqiq qrafik üzrə olmasını istəyirlər. Bu mənada istiqraz onlar üçün çox əlverişlidir. Başqa səbəb də var. Yəni hazırda Azərbaycanda əmanətçilərin bankdakı pulları ayrıca fond tərəfindən sığortalansa da, şirkətlərin bankdakı vəsaitləri ilə bağlı belə bir mexanizm yoxdur. İstiqrazlarda isə fiziki və ya hüquqi şəx – fərqi yoxdur, SOCAR bütün məbləğə zəmanət verir. Buna görə də şirkətlərin istiqrazlara marağı artmaqdadır.

- Xaricdə istiqrazların əsas alıcılarından biri də pensiya fondlarıdır. Bizdə vəziyyət necədir? Məsələn, Dövlət Sosial Müdafiə Fondu istiqrazlara maraq göstərirmi?

- Bizdə isə istiqrazlara sığorta şirkətlərinin böyük marağı var. Onlar üçün SOCAR istiqrazları çox əlverişlidir. Çünki bir hadisə baş verərsə və ödəniş etmək lazım gələrsə, onlar dərhal istiqrazların bir hissəsini nağd pula çevirib ödəniş edə bilirlər.

- Elxan müəllim, Azərbaycan vətəndaşları adətən yatırım edəndə bunu övladları, onların gələcəyi üçün edir. SOCAR istiqrazları bu mənada hansı xüsusiyyətə malikdir?

- İstiqrazlar həm investisiya, həm də yığım alətidir. Məsələn, 100 min dollar pulu olan şəxs həmin pulu övladının təhsilinə və gələcəyinə xərcləmək istəyir. Həmin adam pulunu istiqraza yatıra bilər. İstiqrazın müddəti 5 ildir. Bu müddət ərzində həm pulları qorunaraq saxlanacaq, həm də ondan gələn faizlərlə (əgər yatırım 100 min dollardırsa illik gəlir 5 min dollar olacaq) övladının cari xərclərini, məsələn orta məktəb və ya universitetdə təhsil haqqını ödəyə biləcək. Bu zaman, əsas vəsait, yəni 100 min dollar toxunulmadan qalır və onu da istənilən vaxt götürüb istifadə etmək olar.

- Azərbaycanın bölgələrində yaşayanlar, rayon sakinləri istiqrazı necə ala bilərlər?

- Onlar əgər Bakıya ASAN Xidmətə gələ bilmirlərsə, öz sənədlərini poçtla investisiya şirkətinə göndərirlər, investisiya şirkəti onların sənədlərini tərtib edərək emaillə yenidən onlara göndərir, bu dəfə müştəri həmin sənədləri imzalayaraq investisiya şirkətinə göndərir və onlar pullarını köçürəndən sonra istiqrazlarını ala bilərlər. Yəni onların hökmən Bakıya gəlmələrinə ehtiyac yoxdur.

- Bəs xaricdə yaşayan azərbaycanlılar SOCAR istiqrazlarını necə alırlar?

- Bəli, SOCAR istiqrazlarını xaricdə yaşayan həmvətənlərimiz də alırlar. Onlar Azərbaycana gəlib istiqraz alıb gedirlər, eləcə də xarici ölkələrin vətəndaşları da istiqraz alırlar. Bunlar Qazaxıstan, Gürcüstan, Türkiyə, Rusiya və Ukraynada yaşayanlardır. Qeyd edim ki, ilkin yerləşdirmədə istiqrazlar yalnız ölkə vətəndaşlarına satılırdı, təkrar bazarda isə onları istənilən şəxs, o cümlədən xaricilər də ala bilər.

Açar sözlər: SOCAR İstiqrazları