9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi

15:20 - 2.11.2018


2 noyabr, Fineko/abc.az. 14-16 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit “Caspian Ecology 2018” sərgisi keçiriləcək. Sərgi ekologiya və ətraf mühitin mühafizəsi sahəsində həm Xəzər, həm də Qafqaz regionlarında həyata keçirilən mühüm tədbirdir. “Caspian Ecology” sərgisi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində isə “Caspian Event Organisers” (CEO) şirkəti çıxış edir.

Bu il “Caspian Ecology” sərgisində Azərbaycandan, Almaniyadan, Böyük Britaniyadan, Türkiyədən, Ukraynadan və digər ölkələrdən şirkətlər iştirak edəcəklər. Sərgidə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, həmçinin “Azərsu”, “BP”, “Damla”, “GIZ”, “SOCAR POLYMER”, “Təmiz Şəhər” və dünyanın bir çox digər şirkət və qurumları iştirak edəcəklər. İlk dəfə olaraq sərgidə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu öz stendi ilə təqdim olunacaq.

Ümumilikdə, “Caspian Ecology 2018” sərgisi təbii resurslardan səmərəli istifadəsi sahəsində ən son məhsullar, sülb (bərk) tullantıların toplanması və utilizasiyası sistemləri, eləcə də alternativ energetika üzrə müasir avadanlıq nümunələri və digər məhsulları nümayiş edəcək. Şirkətlər tullantıların utilizasiyası və emalı üçün avadanlıqlar, sutəmizləmə sistemləri, neft və qaz kəşfiyyatı və emalı xidmətləri, kağız və karton istehsalı  və bir sıra digər məhsulları təqdim edəcəklər.  

Sərginin işgüzar proqramı çərçivəsində ilk dəfə olaraq iştirakçılar və dəvət olunmuş şirkətlər arasında ikitərəfli görüşlər, eləcə də müxtəlif seminarlar keçiriləcək.

Bu tədbirin keçirilməsinin vacibliyini vurğulayan sevindirici faktor, sponsorların tərkibidir. Sərginin Qızıl Sponsoru - Global Energy Azerbaijan LTD şirkətidir, Gümüş Sponsoru qismində isə  AAS-ATE şirkəti çıxış edir.

Beləliklə, Beynəlxalq “Caspian Ecology” sərgisi işgüzar əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi, habelə sənayedəki yeni avadanlıq və təmayüllərlə tanışlığa imkan yaratmaqla yanaşı, ətraf mühitin yaxşılaşdırılması istiqamətində görülən işlərə də əlavə təkan verəcək. Sərgi haqqında ətraflı məlumatı və elektron dəvətnaməni www.caspianecology.az rəsmi saytından əldə edə bilərsiniz.

 

Bütün xəbərlər