İsveçli gənclər Bakı Ali Neft Məktəbinin qonağı olub

06.11.2018,10:29


6 noyabr, Fineko/abc.az. İsveçdəki Antisemitizm və Ksenofobiyaya qarşı Gənc İnsanlar Dərnəyi (“Young people against Antisemitism and Xenophobia”) təşkilatının nümayəndələri Bakı Ali Neft Məktəbində (BANM) qonaq olublar. Təşkilatın və onun üzvlərinin Azərbaycana səfəri Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə həyata keçirilib və bu səfər zamanı təşkilatın 25 gənc üzvü  BANM ilə də tanış olmaq şansı əldə ediblər. Səfərin əsas məqsədi İsveçdən gəlmiş tələbələrlə Azərbaycan tələbələri arasında ünsiyyətin formalaşması, dostluq əlaqələrinin qurulması, informasiya mübadiləsi və dünyagörüşlərinin artırılması olub.

BANM-ın rektoru Elmar Qasımov  gənc qonaqlarla görüşərək Ali Məktəb haqda onlara məlumat verib. Dünyada ilk neft quyusunun Azərbaycanda qazılmasını diqqətə çatdıran rektor Elmar Qasımov ölkəmizin zəngin tarixi irsindən qonaqlara söz açıb.

Səfərin təşkilatçısı və qurumun Azərbaycan əsilli sədri Səyavuş Derəxti çıxışında bildirib ki, qonaqların hamısı İsveçdəki təşkilatın üzvləridir. Qonaqlarla birgə BANM-ın kampusunu gəzərək yaxından tanış olan S.Derəxti Azərbaycanda dünya səviyyəli bir ali təhsil müəssisəsinin olması bir azərbaycanlı kimi qürur yaradır.

İsveçdən olan gənclər BANM-ın tələbələri və müəllim heyətilə bir araya gələrək fikir mübadiləsi aparıb, eyni zamanda səfər zamanı Ali Məktəbin kampusu ilə yaxından tanış olublar.