Caspian European Club AMEA “Yüksək Texnologiyalar Parkı” MMC-də biznes-tur təşkil edib

06.11.2018,16:54


6 noyabr, Fineko/abc.az. 6 noyabr 2018-ci il Caspian European Club çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası “Yüksək Texnologiyalar Parkı” MMC-də tanışlıq biznes-turu təşkil edilib. Tur Caspian European Club-un Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin iştirakı ilə noyabrın 1-də təşkil etdiyi biznes-forumun yekunu əsasında keçirilib.

Biznes-turu Caspian European Club, ATİB və TUİB üzv şirkətləri üçün “Yüksək Texnologiyalar Parkı”nın malik olduğu imkanlar barədə ətraflı məlumat təqdim etmək məqsədilə təşkil edilib. Təqdimatı və ekskursiyanı AMEA-nın nəzdindəki “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru, iqtisadiyyat elmləri namizədi Nazim Şükürov aparıb.

Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Erkan Ozoral və Latviyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Yuris Maklakovs biznes-tura fəxri qonaq qismində qoşulublar. 

Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy İnternational Media Group-un fəal iştirakı ilə yaradılıb. 2016-cı il dekabrın 24-də Caspian American Club, 2018-ci il yanvarın 26-da Caspian Asian Club təsis olunub. Hər iki təşkilat 2 il ərzində Caspian European Club-un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaq. Caspian European Club-a daxil olan bütün şirkətlər avtomatik qaydada Caspian American Club və Caspian Asian Club-un, Caspian American Club və Caspian Asian Club-a daxil olanlar isə Caspian European Club-un üzvü hesab olunurlar.

Caspian European Club-un əsasını Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev qoyub.