Azərbaycanda İnnovasiyalar Agentliyi təsis edildi

07.11.2018,11:32


7 noyabr, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Agentlik, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və “Yüksək Texnologiyalar Parkı” MMC əsasında yaradılır. 

Agentlik yerli sahibkarlıq subyektlərinə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərən və onların transferini təşkil edən, innovasiya yönümlü elmi tədqiqatları dəstəkləyən, innovativ layihələri (o cümlədən startapları) təşviq edən, onları qrant, güzəştli kredit və nizamnamə kapitalına sərmayə (o cümlədən vençur maliyyələşməsi) vasitəsilə maliyyələşdirən, innovasiya təşəbbüskarlığını təbliğ edən publik hüquqi şəxs olacaq.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə Agentliyin nizamnaməsinin və strukturunun layihələrini, habelə nizamnamə fondunun miqdarı barədə təkliflərini bir ay müddətində Prezidentə təqdim etmək, Agentliyin  fəaliyyət istiqamətləri üzrə qanunvericilik aktları ilə müəyyən edilmiş mexanizmlərin təkmilləşdirilməsinə dair təkliflərini iki ay müddətində Prezidentə təqdim etmək tapşırılıb.

Nazirlər Kabinetinə Prezidentin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək;  mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Prezidentə məlumat vermək; Nazirliyin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və “Yüksək Texnologiyalar Parkı” MMC-nin balansındakı əmlakın Agentlik dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Agentliyin balansına verilməsini təmin etmək; hər il dövlət büdcəsi tərtib edilərkən Agentliyin fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri vəsaitin nəzərdə tutulmasını təmin etmək tapşırılıb.

Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər bu Fərmandan irəli gələn vəzifələrin icrası ilə bağlı Agentliyə lazımi kömək göstərilməsini və onun müraciəti əsasında zəruri məlumatların təqdim olunmasını təmin etmək,  Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat vermək həvalə edilib.

 

Açar sözlər: İnnovasiya