Dövlət Turizm Agentliyi “World Travel Market 2018” sərgisində ermənilərin təxribatının qarşısını aldı

16:34 - 7.11.2018


7 noyabr, Fineko/abc.az. Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun müdaxiləsi və etirazları nəticəsində “World Travel Market 2018” sərgisində ermənilərin təxribatının qarşısı alınıb.

Agentliyin verdiyi məlumata əsasən, Londonda keçirilən “World Travel Market 2018” sərgisində Ermənistan stendində işğal altında olan Dağlıq Qarabağa aid bölmənin ayrılması, onun, “Artsax” adı ilə təqdim edilməsi, sərgi iştirakçılarına təbliğat vasitələrinin paylanması cəhdləri qeyd olunmuşdu.

“Prosesdə Azərbaycanın İngiltərədəki səfirliyi də cəlb edilmişdir. Etiraz nəticəsində Qarabağ bölgələrinin turizm potensialını təbliğ edən stend və çap materialları çıxarılmışdı”, - məlumatda belə deyilir.

Məlumatda deyilir ki, sərgidən öncə də Azərbaycan tərəfindən təşkilatçılara bu barədə məlumat verilib. Bundan sonra da digər bütün beynəlxalq tədbir və sərgilərdə Ermənistanın Dağlıq Qarabağı ayrıca subyekti kimi təqdim etməyə yönəlmiş təxribat mahiyyətli bütün cəhdlərinin qarşısı alınacaq.

 


Bütün xəbərlər