“Asan İmza” mobil elektron imza layihəsi ən innovativ nümunə kimi qəbul edilmişdir

15:16 - 13.11.2018


13 noyabr, Fineko/abc.az. “Azərbaycan Respublikasının “Asan İmza” adlanan və mobil identitet texnologiyası əsasında yaradılan milli rəqəmsal identiteti və gücləndirilmiş elektron imzası” İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) nəzdində Dövlət Sektorunun İnnovasiyalar üzrə Tədqiqat Mərkəzi (DSİTM) tərəfindən ən innovativ nümunə kimi qəbul edilərək həmin Mərkəzin veb-saytında çap olunmuşdur. DSİTM dövlət sektorunda innovasiyalar üçün qlobal forum hesab edilir və cəmiyyətin ciddi problemlərinin həlli üçün yeni yanaşmaların anlaşılması və genişləndirilməsi məqsədilə hökumətlərlə əməkdaşlıq edir. Bununla da dövlət qulluqçularına yeni imkanların öyrənilməsində kömək etmək məqsədilə onlara yeni ideyalar, biliklər, alətlər və əlaqə vasitələri təqdim edir.

“Asan İmza” mobil elektron imzanın innovativ nümunəsi artıq DSİTM-nin veb-saytında dünyanın bütün istifadəçiləri üçün əlyetərli olub, işin sadələşdirilməsinə və yeni zirvələrin fəth edilməsinə təsir edəcəkdir. Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən respublikanın diplomatik nümayəndəlikləri və səfirlikləri bütün dünya üzrə xarici vətəndaşlara “Asan İmza” m-Rezidentlik təqdim etmək hüququna malikdirlər.  m-Rezidentlik ölkədə investisiya mühitinin inkişafı və Azərbaycanda biznes qurmaq arzusunda olan xarici vətəndaşların investisiyaya cəlb edilməsi səviyyəsinin yüksəldilməsi üçün vacib innovativ alətdir. m-Rezidentlik vasitəsilə ölkəni tərk etmədən onlayn rejimdə şirkəti qeydiyyata almaq, onlayn olaraq vergi və gömrük tranzaksiyalarını həyata keçirmək, elektron və mobil bankçılıq xidmətlərindən istifadə etmək, onlayn-müqavilələri imzalamaq və s. olar.Azərbaycanda mövcud olan 600-dən çox dövlət və özəl elektron xidmətlərdən “Asan İmza” vasitəsilə istifadə etmək mümkündür. Yeni transsərhəd elektron xidmətlər Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı vasitəsilə əlyetərli olacaqdır.

2017-ci ilin əvvəllərində Prezidentin Fərmanı ilə ölkənin önəmli mövqelərinin Qafqaz və onun hüdudlarında möhkəmləndirilməsi üçün Rəqəmsal Ticarət Qovşağı (RTQ) təsis edilmişdir. RTQ xarici və yerli müəssisələrə elektron şəkildə idxal / ixrac sənədlərini və digər razılaşmaları hazırlayaraq imzalamaq, eləcə də yerli və transsərhəd elektron xidmətlərə və elektron ticarətə əlyetərlilik əldə etmək imkanı verir.  Azərbaycan mobil rəqəmsal identitetin istifadəsi və onun müxtəlif dövlət və özəl elektron xidmətlərə inteqrasiyası üzrə lider mövqelərdən birinə sahibdir. Bura eyni zamanda “Asan İmza”nın Azərbaycan Respublikası Prezidenti yanında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanan və dövlət-özəl əməkdaşlıq prinsipinə əsaslanan Azexport.az portalına inteqrasiyası da daxildir. Prezidentin Fərmanına əsasən hal-hazırda Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı əsasında xarici ticarət əməliyyatlarının genişləndirilməsi və Azexport.az portalının gücləndirilməsi istiqamətində əlavə tədbirlər görülür.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı kimi təşəbbüs də Azərbaycanda innovativ texnologiyaların ixracının inkişaf etdirilməsinə təsir göstərir və Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunun (АZINNEX) niyyətlərini dəstəkləyir.  

Ətraflı məlumat üçün:

https://oecd-opsi.org/innovations/national-digital-identity-and-legally-binding-e-signatures-based-on-mobile-id-technology-branded-asan-imza-from-the-republic-of-azerbaijan/
 

Bütün xəbərlər