Bakıda E-Commerce 1.0 tədbiri keçiriləcək

11:40 - 15.11.2018


8 dekabr 2018-ci il tarixində “Four Seasons” otelində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İNNOLAND”  İnkubasiya və Akselerasiya Mərkəzi və Azərbaycanın ilk onlayn ticarət mərkəzi olan  Shop.az-ın birgə təşkilatçılığı ilə  E-Commerce 1.0 tədbiri keçiriləcək.

Tədbirin məqsədi dövlət nümayəndələrini, pərakəndə satış şirkətlərini, marketinq agentliklərini, çatdırılma şirkətlərini, ödəmə platformalarını və digər e-ticarət mühitinin iştirakçılarını bir araya gətirərək onlara bu istiqamətdə davamlı inkişaf  üçün konstruktiv həll yolları təqdim etməkdir.

Özəl sektoru hədəfləyən elektron ticarətə həsr olunmuş tədbirdə e-ticarət sahəsində nailiyyətlər əldə etmiş Hepsiburada.com, Alibaba.com kimi irimiqyaslı layihələrin nümayəndələri və digər xarici spikerlər 300-ə yaxın yerli iştirakçı üçün öz təcrübələrini bölüşəcəklər.

İnnovasiyalar ekosisteminin bütün komponentlərini özündə birləşdirən “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi Azərbaycanda, eyni zamanda onun hüdudlarından kənarda özəl sektorun inkişaf etdirilməsi, innovasiyanın təşviqi və startap hərəkatının genişləndirilməsi üçün yaradılan inkubasiya, akselerasiya və araşdırma mərkəzidir.

Tədbirin təşkilatçısı və ideya müəllifi olan Shop.az yerli pərakəndə satış şirkətlərini və onların məhsullarını müştərilərin rahat seçiminə təqdim edən e-ticarət platformasıdır. Shop.az peşəkar komandası ilə daim innovativ həllərlə çıxış edir və bu sahədə daha ciddi dəyər yaradan şirkət olmaq missiyasını daşıyır.


Bütün xəbərlər