Azərbaycan Mərkəzi Bankı: Manat ilin sonuna qədər sabit qalacaq

15.11.2018,12:23


15 noyabr, Fineko/abc.az. Azərbaycanda rəqəmli iqtisadiyyatın formalaşması makroiqtisadi və monetar sabitliyinin formalaşmasına təsir göstərəcək.

III Beynəlxalq Bank Forumunda Mərkəzi Bankın İdarə Heyətinin sədrinin birinci müavini Alim Quliyev bildirib ki, makroiqtisadi sabitliyin təmin edilməsi məsələsi gündəmdə olan əsas məsələlərdən biridir.

“2018-ci ildə görülən tədbirlər nəticəsində makroiqtisadi sabitlik təmin olundu və ilin sonuna qədər manatın məzənnəsi də daxil olmaqla bu müsbət və pozitiv tendensiya qorunub saxlanacaq”, - deyə A.Quliyev bildirib.

Onun sözlərinə görə, hazırda ölkədə 2019-cu il dövlət büdcəsinin müzakirəsi aparılır və 2018-ci ildəki tendensiyalar gələn il də ölkədə makroiqtisadi sabitliyin və müsbətliyin davamlılığının proqnozlaşdırılmasına əsas verir. Gələn və sonrakı illərdə müsbət və pozitiv tendensiyaların proqnozlaşdırılması üçün əsas, makroiqtisadi çərçivənin formalaşması, iqtisadiyyatın davamlı artımı, inflyasiyanın proqnoz səviyyəsindən aşağı olması, dünya bazarında əlverişli neft qiymətlərinin formalaşması, həmçinin ölkənin ixrac potensialının artmasıdır.