Bakının yeni meri təyin olundu

14:33 - 15.11.2018


15 noyabr, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev paytaxta yeni merin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Eldar Əzizov Bakının icra hakimiyyətinin yeni başçısı təyin olunub.

Əzizov Eldar Əziz oğlu 1957-ci il iyunun 28-də Bakıda anadan olub.

1998-ci ildə Eldar Əzizov Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında beynəlxalq münasibətlər şöbəsinin müdiri, 1999-cu ildə isə Bakı şəhər İcra Hakimiyyətinin xarici əlaqələr və investisiya proqramları şöbəsinin birinci müavini vəzifəsinə təyin edilib.

2000-ci ilin mart ayında Bakı şəhəri İcra Hakimiyyətinin başçısının müavini vəzifəsinə təyin edilib və həmin ilin iyun ayından etibarən Bakı şəhəri Nizami rayonu İcra hakimiyyətinin başçısı təyin olunub. 2003-2011-ci illərdə Gəncə şəhəri İcra hakimiyyətinin başçısı, 2011-2015-ci illərdə Sumqayıt şəhəri İcra Hakimiyyətinin başçısı, 2015-2018-ci illərdə Bakı şəhər Səbail rayonunun İcra hakimiyyətinin başçısı olmuşdur.

16 iyul 2018-ci il tarixindən etibarən Bakı şəhər İcra Hakimiyyətinin başçısının müavini vəzifəsində çalışmışdır.

 

Bütün xəbərlər