1-ci Xəzər Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi

16:22 - 15.11.2018


20-22 fevral 2019-cu il tarixlərində Bakı Ekspo Mərkəzində 1-ci Xəzər Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya “Caspian Realty” sərgisi keçiriləcək. Sərginin məqsədi Azərbaycanın daşınmaz əmlak bazarının inkişafına yeni təkan vermək, sektora yerli və xarici investisiyalar cəlb etmək, yeni beynəlxalq əməkdaşlıqların qurulmasına və təcrübə mübadiləsinin aparılmasına zəmin yaratmaq, ölkəmizdə və xüsusən paytaxtda həyata keçirilən çox sayılı maraqlı layihələri eyni məkanda nümayiş etdirmək, unikal işgüzar mühit yaratmaqdır.

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) sərgiyə rəsmi dəstək göstərirlər. Sərginin təşkilatçısı qismində isə “Caspian Event Organisers” (CEO) şirkəti çıxış edir.

Sərgidə daşınmaz əmlakın tikintisi və satışı ilə məşğul olan, eləcə də maliyyə, hüquq, məsləhət və dizayner xidmətləri göstərən yerli və xarici şirkətlər, o cümlədən müxtəlif daşınmaz əmlak sektorlarını təmsil edən yüksək ixtisaslı mütəxəssislər, investorlar və dövlət strukturlarının nümayəndələri iştirak edəcəklər. “Caspian Realty 2019” sərgisində kommersiya təyinatlı, eləcə də mənzil, ticarət və şəhərətrafı daşınmaz əmlak obyektləri ilə yanaşı, müxtəlif investisiya layihələri və dizayner xidmətləri də təqdim olunacaq.

Sərgi iştirakçı şirkətlərə üç gün ərzində geniş alıcı kütləsi və potensial müştərilərlə ilə görüşmək və öz təkliflərini, maraqlı layihələrini təqdim etmək, əlaqələr qurmaq və bir başa satış etmək imkanları yaradacaqdır. Bununla yanaşı, sərgi həm Azərbaycanda, həm də xaricdə reallaşdırılan inşaat layihələri ilə bağlı məlumatlardan faydalanmaq üçün unikal imkan yaradır. Sərgi çərçivəsində zəngin tədbirlər proqramı, effektiv sessiyalar və konfransların təşkili nəzərdə tutulmuşdur, Həmçinin təşkilatçılar, iştirakçılar və onların hədəf auditoriyası arasında “B2B” formatlı (ikitərəfli) görüşlərin təşkil edilməsi planlaşdırır.

Bu il ilk dəfə keçirilən sərgiyə investisiya şirkətləri, layihə və memarlıq büroları, daşınmaz əmlak agentlikləri, inşaat şirkətləri, dövlət strukturları, maliyyə təşkilatları və bankların, eləcə də konsultasiya və İT şirkətlərinin nümayəndələri, habelə brokerlər və fərdi sahibkarlar dəvət olunurlar. Bu sahədə regionun ən mühüm tədbiri olacaq “Caspian Realty” sərgisində iştirakınız müəssisənizin yeni əməkdaşlıqlar və effektiv əlaqələrin qurulmasına, satışlarınızın artırılmasına və bazarda mövqeyinizin və imicinizin möhkəmlənməsinə unikal şərait yaradacaqdır.

Beləliklə, sərgidə həm peşəkarlar, həm də müstəqil investorlar üçün bir çox maraqlı imkanlar yaradılacaq, çünki, burada iştirakçı şirkətlər potensial alıcılara maksimum sayda və bir-birindən fərqli, eyni zamanda, sərfəli və etibarlı təkliflər təqdim edəcək. Daha ətraflı məlumatı www.caspianrealty.az saytından əldə edə bilərsiniz.  

Bütün xəbərlər