“Azərbaycan Dəmir Yolları” müasir informasiya və kommunikasiya texnologiyalarının istifadəsini genişləndirir

11:20 - 16.11.2018


16 noyabr, Fineko/abc.az. Vyanada “Dəmir yolları və rəqəmsallaşma, Rəqəmsallaşma, böyük datalar və süni intellekt dəmir yolu sənayesini necə dəyişəcəkdir“ mövzusunda biznes toplantısı keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatında deyilir ki,  toplantıda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov iştirak edib.

“Cavid Qurbanov tədbirdə çıxış edərək, Azərbaycanda həyata keçirilən mütərəqqi islahatlar çərçivəsində qeyri-neft sektorunun prioritet sahələrindən biri olan dəmir yolu nəqliyyatı sisteminin daha da inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışıb. Qeyd edilib ki, daşımaların təhlükəsizliyinin artırılması, respublikamızdan keçən nəqliyyat dəhlizlərinin rəqabətqabiliyyətliliyinin yüksəldilməsi məqsədilə müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə edilməsi başlıca proiritetlərdən biridir”, - məlumatda belə deyilir.

Məlumatda qeyd edilir ki, C.Qurbanov Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, “Şərq-Qərb” “Şimal-Cənub”, “Cənub-Qərb” nəqliyyat dəhlizləri və bu dəhlizlərin Avropaya yüklərin daşınmasında oynaya biləcəyi rol barədə danışıb. O, vurğulayıb ki,  strateji mövqedə yerləşən Azərbaycan Avropa ölkələri üçün etibarlı və ciddi tərəfdaşdır.

Avstriya İqtisadiyyat Palatasının vitse-prezidenti Kristof Matznetter Azərbaycan və Avstriyanın oxşar cəhətlərinə toxunub, hər iki ölkənin yerləşdiyi regionda mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Avrasiya qitəsində yerləşən Avstriyanın və eləcə də Avropa İttifaqının yaxın gələcəkdə Şərqə daha çox diqqət ayırmalı olduğunu vurğulayan K. Matznetter bildirib ki, Çin bazarı ilə Avropanın quru yolla birləşməsində, hər iki istiqamətdə yük daşımalarının həyata keçirilməsində Azərbaycan üzərindən keçən marşrutlar mühüm əhəmiyyət daşıya bilər.

 

Bütün xəbərlər