“Təmiz Şəhər” ASC beynəlxalq sərgidə təmsil olunur

11:29 - 16.11.2018


“Təmiz Şəhər” ASC tərəfindən yerinə yetirilən məişət tullantılarından yeni məhsulların hazırlanması, zibil yandırılmaqla elektrik enerjisi hasil edilməsi və tullantılardan incəsənət əsərlərinin hazırlanması işləri Beynəlxalq “Caspian Ecology” 2018 – 9-сu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisində nümayiş olunur. Sərgi 14-16 noyabr tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçirilir. Ətraf mühitin mühafizəsi üzrə keçirilən sərgidə yerli şirkətlərlə yanaşı, Almaniya, Böyük Britaniya, Türkiyə, Ukrayna və digər ölkələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edir.

“Təmiz Şəhər” ASC-nin sərgidəki stendində ekoloji mühitin qorunması sahəsində qurumun gördüyü işlər nümayiş etdirilir. Müəssisə Balaxanıda yerləşən Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda tullantılardan əldə edilmiş müxtəlif növ materialları çeşidləyərək təkrar emala yönləndirir. Balaxanı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə zibil kütləsi yandırılmaqla elektrik enerjisi hasil edilir.

“Təmiz Şəhər” ASC həmçinin, Abşeron göllərinin kompleks bərpası layihəsini icra edir. Böyükşor gölünün bərpası sahəsində artıq birinci mərhələ icra olunub. 1000 hektar sahəsi olan gölün 300 hektarlıq ərazisi və gölün sahili müxtəlif tullantılardan təmizlənib.

Sərgidə ziyarətçilər həmçinin, “Təmiz Şəhər” ASC-nin həyata keçirdiyi sosial layihələrlə də tanış olublar. Belə layihələrdən biri Heydər Əliyev Fondu ilə birgə icra olunan “Tullantıdan sənətə” Beynəlxalq İncəsənət Sərgisidir. 7 ildir ki, keçirilən bu sərgidə 42 ölkənin rəssam və heykəltəraşlarının tullantı materiallarından hazırladığı incəsənət əsərləri nümayiş edilib. Sərgi bitdikdən sonra əsərlər Qala qoruğunda yerləşən “Tullantıdan sənətə” muzeyində yerləşdirilir. Sərgi ziyarətçiləri üçün həmin muzeyə virtual tur təşkil edilir. Dünyanın istənilən nöqtəsindən “www.tamizshahar.az” internet səhifəsinə daxil olaraq virtual turda iştirak mümkündür.

Qeyd edilənlərlə yanaşı, sərginin keçirildiyi Baku Expo Mərkəzinin foyesində “Tullantıdan sənətə” muzeyindən gətirilmiş 20-dən artıq eksponat nümayiş olunub.

 

Bütün xəbərlər