Azərbaycan və Avstriya dəmir yolu əməkdaşlığı məsələlərini müzakirə etdilər

11:30 - 16.11.2018


16 noyabr, Fineko/abc.az.  “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Vyanada  Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiyalar Nazirliyinin Baş katibi Andreas Rayxardt ilə görüşüb.

QSC-nin  məlumatında deyilir ki,  Cavid Qurbanov bildirilib ki, “Şərq-Qərb” nəqliyyat dəhlizi, o cümlədən Çindən yüklərin Avropaya çatdırılması üçün nəzərdə tutulan nəqliyyat marşrutlarında Azərbaycanın yerləşdiyi coğrafi məkan böyük potensiala malikdir və bu marşrut hazırda Avropaya yüklərin daşınması üçün istifadə edilən marşrutlardan vaxt, qiymət və səmərəlilik baxımından daha üstündür.

“Azərbaycanda mövcud olan dəmir yolu nəqliyyatı sisteminin bütün müasir tələblərə cavab verməsi və lazımi logistik şəraitin yaradılması da yüklərin sürətli və keyfiyyətli daşınmasına təminat verir. Eləcə də Azərbaycan tərəfinin həmin marşrut üzərində yerləşən bir sıra dövlətlərlə uğurlu danışıqlar aparması da gələcəkdə Avropa ölkələrinə bu dəhlizdən istifadəyə marağını artıra biləcəkdir. Avstriyanın da Avropanın mərkəzində yerləşən mühüm nəqliyyat qovşağı olmasını nəzərə alaraq, qeyd edib ki, Avstriyanın da Azərbaycan üzərindən keçən nəqliyyat dəhlizi layihələrində iştirakı təqdirəlayiq hal olardı”, - C. Qurbanov belə deyib.

Öz növbəsində, Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiyalar Nazirliyinin Baş katibi Andreas Rayxardt, Avropa-Çin arasında yük dövriyyəsinin yaxın gələcəkdə getdikcə artmaqda olduğunu və ekoloji səbəblərə görə yük daşımalarında dəmir yolunun çəkisinin yüksələcəyini nəzərə alaraq, Azərbaycan üzərindən keçən nəqliyyat dəhlizlərinin böyük əhəmiyyət daşıyacağını vurğulayıb.

 

Bütün xəbərlər