Caspian European Club Azərbaycan Dövlət Miqrasiya Xidməti ilə birgə biznes-forum keçirib

17:31 - 16.11.2018


16 noyabr, Fineko/abc.az. 2018-ci il noyabrın 16-da Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (DMX) və Caspian European Club-un birgə təşkilatçılığı ilə biznes-forum keçirilib. Biznes-foruma DMX-nin rəisi Vüsal Hüseynov sədrlik edib.

Biznes-forumda ölkəmizdə miqrasiya sahəsində biznes qurumları ilə əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Biznes-forumda çıxış edən DMX rəisi biznes sektoru nümayəndələri ilə birbaşa növbəti görüş imkanına görə təşəkkürünü bildirib və tədbir iştirakçılarını maraqlandıran bütün sualları cavablandırıb.

Biznes-forumda çıxış edən Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev konstruktiv dialoqa, həmçinin tədbir zamanı Klub üzvləri tərəfindən səsləndirilmiş təklif və xahişlərə göstərilən diqqətə görə Vüsal Hüseynova minnətdarlığını bildirib.

Caspian European Club-un İdarə heyətinin üzvü Vuqar Eyvazov DMX ilə birgə təşkil olunmuş və rəhbərlik etdiyi işçi qrupunun fəaliyyəti haqqında məlumat verib.

Çıxışlardan sonra Telman Əliyev DMX rəisi Vüsal Hüseynova  "Caspian European Club"unun Fəxri üzvü sertifikatını təqdim edib.

Eyni zamanda "Caspian European Club"a yeni üzv olan və üzvlüyünü davam etdirən NABUCCO A&C, Şərq Kimya Şirkəti, WorleyParsons, SOCAR AQS, “Azərişıq” ASC, Sağlam Ailə Tibb Mərkəzi, Bakı Tekstil Fabrikası, SmartSystems şirkətlərinin nümayəndələrinə klub üzvlüyü sertifikatları verilib.

Tədbirdə dövlət və özəl şirkətlərin rəhbərləri, bir sıra xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin başçıları və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy İnternational Media Group-un fəal iştirakı ilə yaradılıb.

2016-cı il dekabrın 24-də Caspian American Club, 2018-ci il yanvarın 26-da Caspian Asian Club təsis olunub. Hər iki təşkilat 2 il ərzində Caspian European Club-un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaq. Caspian European Club-a daxil olan bütün şirkətlər avtomatik qaydada Caspian American Club və Caspian Asian Club-un, Caspian American Club və Caspian Asian Club-a daxil olanlar isə Caspian European Club-un üzvü hesab olunurlar.

Caspian European Club-un əsasını Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev qoyub.

 


Bütün xəbərlər