Türkiyədə Belarus-Azərbaycan traktorlarının istehsalı 2019-cu ilin əvvəlinə planlaşdırılır

11:50 - 19.11.2018


19 noyabr, Fineko/abc.az. Minskdə ticarət-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökumətlərarası komissiyasının 11-ci iclası keçirilib.

Gəncə Avtomobil Zavodunun Müşahidə Şurasının sədri Xanlar Fətiyev iclasdan əvvəl  jurnalistlərə bildirib ki, Türkiyədə Belarus-Azərbaycan traktorlarının yığma istehsalı 2019-cu ilin birinci rübünə planlaşdırılıb.

“Türkiyədə Belarus-Azərbaycan traktorlarının yığılması üzrə zavodun tikintisi yekun mərhələdədir. Gələn ilin birinci rübünün sonunadək orada ilk yığmanı başlamağı planlaşdırırıq”, - deyə X. Fətiyev əlavə edib.

Türkiyədəki zavodda 5 min ədəd traktorun istehsalı planlaşdırılır. Birinci mərhələdə həyata keçiriləcək layihə gücü 2,5 minə qədərdir.

Belarus-Azərbaycan hökumətlərarası komissiyasının iclası çərivəsində üç saziş imzalanıb. Xüsusilə, MTZ-in 1 min ədəd traktor komplektinin tədarükü barədə razılıq əldə olunub. Onlardan 300-ü cari ilin sonuna qədər tədarük olunacaq.

“Qomselmaş” ASC ilə 30 kombaynın tədarükü haqında müqavilə bağlanılıb. 2019-cu ildə Azərbaycan müəssisəsində Belarus kombaynlarının istehsalına başlamaq planlaşdırılır.

Minsk Avtomobil Zavodu ilə bağlanmış müqaviləyə əsasən, Bakı hava limanı üçün  avtobusların maşın komplektləri  Azərbaycana göndəriləcək.

 

Bütün xəbərlər