Təhsil naziri AmCham Azərbaycan-ın təşkil etdiyi aylıq işgüzar naharda iştirak edib

20.11.2018,16:17


20 noyabr, Fineko/abc.az. Tədbirdə çıxış edən təhsil naziri “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbul edilməsindən ötən 5 il ərzində görülmüş işlərdən, təhsil sistemində əldə edilmiş nailiyyətlərdən danışıb. Ceyhun Bayramov iştirakçılara təhsil sahəsində dövlət-özəl sektor əməkdaşlığının mövcud modelləri və bu istiqamətdə mümkün layihələr haqqında ətraflı məlumat verib.

İşgüzar naharda AmCham üzvləri tərəfindən təqdimatlar keçirilib. Həmçinin Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) nümayəndələri Azərbaycanın 22 rayonunda həssas uşaqları dəstəkləmək üçün yeni sosial biznes layihəsini təqdim ediblər.

Qeyd edək ki, Amcham Azərbaycan üzvlərinin işgüzar naharı Palata tərəfindən hər ay təşkil olunur və burada hökumət rəsmiləri, parlament üzvləri və diplomatik korpusun nümayəndələri iştirak edir. Palata ölkədə bütün xarici investisiyaların təxminən 80%-ni, eləcə də yerli investisiyaların mühüm hissəsini təmsil edir.