Prezident hakimlərin və ədliyyə orqanları işçilərinin bir qrupunun təltif edilməsinə dair sərəncamlar imzalayıb

16:50 - 20.11.2018


20 noyabr, Fineko/abc.az. Noyabrın 20-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının hakimlərinə və ədliyyə orqanları işçilərinə fəxri adların, orden və medalların verilməsi ilə bağlı sərəncamlar imzalayıb.

Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının hakimlərinə və ədliyyə orqanları işçilərinə fəxri adların, orden və medalların verilməsi ilə bağlı sərəncamlar imzalayıb.

Sərəncama əsasən, Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyi münasibətilə və hakim vəzifəsini nümunəvi yerinə yetirdiklərinə, ədliyyə orqanlarında qulluq keçərkən fərqləndiklərinə, ədliyyə sistemində elm, səhiyyə sahələrinin inkişaf etdirilməsində və cəza-icra siyasətinin həyata keçirilməsində fəal iştiraklarına görə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov və Ali Məhkəmənin sədri Ramiz Rzayev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunublar.

Həmçinin üç nəfər 2-ci dərəcəli, altı nəfər isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunub. Bundan başqa, 19 nəfər “Tərəqqi”, 25 nəfər isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif edilib.

Dövlətimizin başçısının digər bir Sərəncamı ilə bir nəfər ədliyyə general-leytenantı, üç nəfər III dərəcəli dövlət ədliyyə müşaviri, iki nəfər isə ədliyyə general-mayoru ali xüsusi rütbələri ilə təltif olunub.

Azərbaycan Prezidentinin daha bir Sərəncamına əsasən, Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyi münasibətilə və ölkəmizin məhkəmə və ədliyyə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə dörd nəfərə “Əməkdar hüquqşünas”, bir nəfərə “Əməkdar mühəndis”, bir nəfərə “Əməkdar həkim”, bir nəfərə isə “Əməkdar tibb işçisi” fəxri adları verilib.

Bütün xəbərlər