Hakimlərin ədalətli qərar qəbul etməsinə nə mane olur? Bakıda daşınmaz əmlakla bağlı dələduzluq

29.11.2018,12:30


Bakının Xəzər rayonunun Şağan qəsəbəsinin sahibi yeni düşünülmüş dələduzluq sxeminin toruna düşüb. Ehtimal var ki, bu qəsəbədə və çox bahalı torpaq sahələri olan digər şəhərətrafı ərazilərdə başqa insanlar da bu tora düşə bilər.

2016-cı ilin yaz fəslinə qədər Gəncədə yaşamış Müzəffər Əliyev belə bir əhvalat danışdı. Həkimlər onun həyat yoldaşına iqlimi dəyişməyi tövsiyə etmişdilər və onlar, ailəlikcə dəniz kənarına köçmək fikrinə gəldilər. Əliyev, Gəncə şəhərindəki evini satıb, dəniz kənarında yerləşən Şağan qəsəbəsində 0,12 hektarlıq torpaq sahəsı aldı. Rəsmiləşdirmə işləri qanuna uyğun və notarial qaydada yerinə yetirilmişdi, satıcı qismində Elçin Süleymanov, alıcı isə Müzəffər Əliyev qeyd edilmiş və s. Süleymanovun özünə torpaq sahəsi, Əzizbəyov (indiki Xəzər rayonu) rayonunun İcra Hakimiyyətinin sərəncamı ilə1999-cu ilin dekabr ayında ayrılıb.  

Mülkiyyət  hüququnu lazımi qaydada rəsmiləşdirəndən sonra, yeni torpaq sahibi Xəzər rayonu İH-nin icazəsi ilə ev tikməyə başladı. Fəhlələr sürətlə işləyirdilər və Əliyev ailəsi ilə birlikdə təzə  evə köçəcəyini səbirsizliklə gözləyirdi. Bir dəfə ustalar ona, ara-sıra bir cavan oğlanın hasar arxasından tikintini diqqətlə müşahidə etdiyini söylədilər.  Əvvəlcə Müzəffər buna fikir vermədi, amma sonra özü də müşahidəçini gördü və  ondan, onun nəyi izlədiyini soruşdu.  

“Heç... Mən yaxında qalıram. Təzə evinizi satmaq istəsəniz, biz alarıq”, - deyə cavan oğlan bildirdi və bir daha tikintinin yaxınlığında görünmədi.  

Bu hadisəni unutmaq olardı, lakin, bu məsələnin davamı var idi, həm də çox xoşagəlməz davamı. Bir neçə aydan sonra, Əliyevlər ailəsi təzə evə köçməyi qeyd edəndən sonra, onlar gözlənilmədən, Xəzər rayon məhkəməsindən bildiriş aldılar. Əliyev çox təəccübləndi, çünki ona bildirdilər ki, hakim Rəşad Həsənovun sədrlik etdiyi məhkəmə qət edib ki,  Əliyevin aldığı torpağın sahibi  Elçin Süleymanov deyil, tamam başqa adam, yəni vətəndaş Ceyran Səfərova  olub və bu səbəbdən  də, buna müvafiq olaraq,   alqı-satqı sövdələşməsi qanuni qüvvəyə malik deyil. Yəni, məhkəmə, Süleymanova Əzizbəyov rayonu İH-nin 1999-cu ildə Şağan qəsəbəsində torpaq sahəsinin verilməsi haqqında qətnaməsini ləğv edib.

“Məhkəmə araşdırması haqqında  bizim xəbərimiz olmayıb, bizə bu barədə heç kim bildiriş göndərməyib, sonra isə dərhal qətnamə barədə xəbər verdilər ki, torpağın başqa sahibi var, o da Ceyran  Səfərovadır.

Guya 6  yanvar 1999-cu il tarixində, bu torpağın əvvəlki sahibi, Heydər Hüseynov adlı bir nəfər, torpağı dövlətə qaytarmaq qərarına gəlib və elə həmin gün torpaq Əzizbəyov rayon icra hakimiyyəti tərəfindən Ceyran Səfərovaya verilib”, - deyə Əliyev olanları danışdı.

Əliyev də məhkəməyə müraciət etməli oldu. Bu dəfə,  torpaq sahəsinin yeni peyda olmuş sahibləri barədə işə, 2 saylı İnzibati-İqtisadi məhkəməsində baxılırdı.  Lakin  bu məhkəmə də, Xəzər məhkəməsi kimi, Səfərovanın təqdim etdiyi İH-nin sərəncamının surəti ilə kifayətləndi və sənədin əslini tələb etmədi.

Bu arada, həmin qadının torpaq sahəsinə iddiasının qanuniliyini sübut edən heç bir sənəd zatən yox idi. 

Əliyevin müdafiəsi tərəfi, Səfərovanın təqdim etdiyi, torpaq sahəsinin ona verildiyi haqqında 6 yanvar 1999-cu il tarixli 4 saylı sərəncamın surətinin həqiqiliyini, 10 ildən sonra icra hakimiyyətinin sənədləri ötürüldüyü Dövlət Arxiv İdarəsində yoxlamaq qərarına gəldi. Vəkil Qabil İskəndərovun sorğusuna Dövlət Arxiv İdarəsi birmənalı olaraq bildirdi ki,  göstərilən nömrə ilə müvafiq tarixdə Səfərovaya və ya Hüseynova dair heç bir qərar qəbul edilməyib və 6 yanvar 1999-cu il tarixli bu saylı sənəd tamamilə başqa məsələyə və başqa şəxslərə aiddir.

Daha sonra məlum oldu ki, torpaq sahəsi Heydər Hüseynova da başqa vaxtda ayrılmışdı, həm də Şağan deyil, Mərdəkan qəsəbəsində.  Həmin Səfərova isə artıq bir neçə dəfə həm Şağan, həm də Mərdəkandakı torpaq sahələrinə görə, bu torpaqları alan vətəndaşlara qarşı məhkəməyə iddia verib və bütün məhkəmə işlərini udmuşdur.

Niyə keçmiş Əzizbəyov rayonunun keçmiş administrasiyasının guya qərarının surəti olan bir kağız  parçasını  məhkəmələrdə Səfərovanın torpaq üzərində hüququnun sübutu kimi  qəbul edirdilər? Bu məsələ nəinki aydın deyil, həm də hakimlərin obyektiv olmalarına ciddi şübhə ilə yanaşmağa vadar edir.

 “Səfərova qətnamənin surətini hətta notarial qaydada təsdiq olmadan təqdim etmişdi, - vəkil Qabil İskəndərov belə deyib. - Bundan başqa, məhkəmə heç maraqlanmadı ki, Səfərovanın iddia etdiyi torpaq sahəsinin yerləşdiyi yer hazırda Əliyevə məxsus olan ərazi ilə uyğun gəlir yoxsa yox.  Bundan əlavə, bir halda ki,  arxivlərdə Səfərovaya onun təqdim etdiyi surətdə göstərdiyi tarixdə torpağın ayrılması haqqında heç bir məlumat aşkar olunmadı, məhkəmə onun təqdim etdiyi sənədlərin saxta olub-olmamasına dair ekspertiza keçirməli idi”.

Ola bilməz ki, İH qərar qəbul etsin, həm də cəmi 20 il bundan qabaq və heç bir idarə sənədlərində bu təsbit edilməsin, deyə vəkil əminliyini bildirir. 

Elçin Süleymanova gəlincə isə,  Dövlət Arxiv İdarəsindən  daxil olan rəsmi təsdiq bildirir ki, Əzizbəyov İH-nin 30 dekabr 1999-cu il tarixli sərəncamı ilə, Şağan qəsəbəsində torpaq sahəsi onun istifadəsinə verilmişdir. Sənədin nömrəsi də göstərilib: N2696.

Xəzər rayonunun İcra Hakimiyyəti, öz növbəsində həmçinin təsdiq etdi ki, Səfərovaya torpaq sahəsinin ayrılması haqqında heç bir qərar yoxdur.  

Lakin  bu ilin may ayında Appelyasiya məhkəməsi də bütün bu danılmaz faktlara göz yumdu və yalnız Səfərovanın təqdim etdiyi müəmməlı kağız parçasını nəzərə alaraq, İnzibati-İqtisadi məhkəməsinin Xəzər rayonu İH-nin torpaq sahəsinin Süleymanova ötürülməsi haqqında qərarının ləğv edilməsi haqqında qərarı qüvvədə saxladı.

Nəticədə isə Əliyev həm evini, həm də sahəsini itirə bilər!

“Məhkəmənin qərarı heç bir məntiqə sığmır. Nəyə görə məhkəmə bir tərəfin əsaslandırılmış dəlillərini nəzərə almadı, amma  digər tərəfin olduqca şübhəli arqumentlərinə inandı?  Əliyev prokurorluğa müraciət edərək, Səfərovanın məhkəməyə təqdim etdiyi “sənəd”in nə sənəd olduğunu, nəyə görə bütün məhkəmələrdə Əliyevin müdafiəsi sorğularına dair Dövlət Arxiv İdarəsindən alınan iki  rəsmi cavaba diqqət yetirilmədiyini nəhayət aydınlaşdırmaq, həmçinin Əliyevin həm torpağa, həm də evə dair bütün lazımi sənədlərin olduğunu bildirmək niyyətindədir”, - vəkil Q. İskəndərov belə deyib.

Bu zaman isə, Əliyevin müdafiəsi tərəfi həmçinin aydınlaşdırıb ki, Şağan qəsəbəsində torpaq alan iki vətəndaşla eynilə həmin hadisə baş verib. Çox ehtimal ki, bu, artıq sınaqdan keçirilmiş dələduzluq sxemidir ki, bunun vasitəsilə pul və daşınmaz əmlakı hədə-qorxu ilə tələb etmək məqsədilə, müxtəlif səviyyəli  məmurlar cəlb olunub.  

“Sxem, bu dəfə də işə düşə bilər və o zaman Əliyev hər şeyi – həm evini, həm torpağını, həm də, əlbəttə ki, ədalətə inamını itirə bilər”, - deyə vəkil ehtiyat edir.

Dələduzluq yolu ilə özgəsinin malına yiyələnmək cəhdləri haqqında getdikcə daha çox məlumatların daxil olduğunu nəzərə alaraq, biz, Müzəffər Əliyevin məsələsinə mütləq qayıdacağıq.