Azərbaycanda qanunsuz əmək münasibətlərinin qarşısının alınması üzrə Tədbirlər Planı hazırlanır

13:14 - 29.11.2018


29 noyabr, Fineko/abc.az. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nı hazırlayır.

Nazirlikdən verilən məlumata əsasən, Planda strategiyanın əsas istiqamətləri üzrə tədbirlər göstəriləcək.

“Xüsusilə, həmin istiqamətlər sırasına məşğulluqyönümlü iqtisadi inkişaf siyasətinin həyata keçirilməsi, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi, əmək bazarının tənzimlənməsi sahəsində normativ hüquqi bazanın və institusional strukturun təkmilləşdirilməsi, işçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsi və əmək standartlarının təkmilləşdirilməsi kimi istiqamətlər daxildir. Eyni zamanda aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi və səmərəliliyinin artırılması, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların əmək bazarına inteqrasiyasının gücləndirilməsi, sosial dialoqun inkişaf etdirilməsi, qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması, əmək bazarının monitorinqi və proqnozlaşdırılması sisteminin inkişaf etdirilməsi də Strategiyada əsas istiqamətlər kimi müəyyən olunub”, - məlumatda belə deyilir.

Nazirlikdən bildirildi ki, Tədbirlər Planı layihəsinin hazırlanması gələn ilin əvvəlində yekunlaşacaq.

 

Bütün xəbərlər