Lavrov regional iqtisadi əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Bakıya gəlir

05.12.2018,12:53


5 dekabr, Fineko/abc.az. Rusiyanın xarici işlər naziri Sergey Lavrov dekabrın ortalarında Azərbaycana səfər edəcək.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, Lavrov 14 dekabr tarixində Bakıda keçiriləcək Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının  iclasında iştirak edəcək.

“Bakıda keçirilən görüşdə, Qara dəniz regionunun ticarət məsələlərinə xüsusi diqqət yetirməklə, qarşılıqlı əlaqələrin möhkəmləndirilməsini nəzərdə tutan deviz altında keçirilən, Azərbaycanın  QDİƏT-də yarımillik sədrliyinin yekunları nəzərdən keçiriləcək. Həmçinin, nəqliyyat, enerji, kənd təsərrüfatı, elm, texnologiya və səhiyyə kimi aktual sənaye məsələləri də daxil olmaqla, iqtisadi əməkdaşlığın regional gündəliyi ilə bağlı geniş məsələlər müzakirə olunacaq”, - M. Zaxarova bunu deyib.