Azərbaycanlılar və Rusiyalılar Gürcüstanın turist axınında liderlik mövqeyini qoruyurlar

05.12.2018,15:06


5 dekabr, Fineko/abc.az. Yanvar-noyabr aylarında Gürcüstana 8,1 milyondan çox beynəlxalq turist səyahət edib, bu da 2017-ci ilin eyni dövrünə nisbətən 11 faiz çoxdur.

Ölkənin Milli Turizm Administrasiyasının  rəhbəri Georgi Çoqovadzenin sözlərinə görə, 11 ay ərzində turist səfərlərinin sayı 4,4 milyondan çox olub ki, bu ötən ilin göstəricilərindən 17,2 faiz çoxdur.

“İlkin məlumatlara görə, yanvar-oktyabr aylarında xarici turizmdən əldə  edilən gəlirlər 2,8 milyard dollar (+ 19,9% artım) təşkil edib ki, bu da ötən ilin analoji dövrünə nisbətən 468 milyon dollar çoxdur”, - deyə G. Çoqovadze bildirib.

Milli Turizm Administrasiyasının  məlumatına görə, ölkəni ziyarət edən ilk beşlikdə birinci yeri  1,341,127 nəfərlə Rusiya tutur,  burada illik artım 23,8% təşkil edir. İkinci yeri isə Azərbaycandan olan turistlər tutub - 1 311 907 nəfər, onların sayı il ərzində 9,8% artıb. Daha sonra siyahıda Ermənistan, Türkiyə və İran vətəndaşlarıdır.