AHK Azərbaycan üzvlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevlə görüşü keçirilib

15:30 - 5.12.2018


5 dekabr, Fineko/abc.az. 5 dekabr 2018-ci il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) Hyatt Konfrans Mərkəzində üzv şirkətlər üçün növbəti AHK-İmpuls tədbirini təşkil edib. Cari tədbir hal-hazırda əmək bazarında davam etdirilən islahatlar mövzusuna həsr olunub və tədbirin fəxri qonağı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayev olub.Tədbir AHK Azərbaycanın İcraçı Direktoru cənab Tobias Baumannın salamlama nitqi ilə açılıb və KPMG Azərbaycan Limited şirkətinin vergi məsələləri üzrə direktoru cənab Rizvan Qubiyevin “Qeyri-rəsmi  məşğulluq ilə mübarizənin vergi siyasəti yolu ilə tənzimlənməsində beynəlxalq təcrübə” adlı təqdimatı ilə
davam edib.

Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayev “Azərbaycanda əmək bazarı islahatlarının həyata keçirilməsi” adlı məruzə ilə çıxış edib. İnsan amilinin dövlət siyasətinin başlıca xətti  olduğunu vurğulayan cənab Babayev bu il əmək bazarında aparılan islahatların 4 əsas istiqaməti əhatə etdiyini qeyd edib: Pensiyanın avtomatlaşdırılması; “DOST” mərkəzlərinin yaradılması; e-sosial internet portalının istifadəyə verilməsi və məşğulluq xidmətlərinin keyfiyyətinin artırılması. Cənab nazir məşğulluq 
sahəsində elektron xidmətlərin genişləndirilməsinin və Nazirlik tərəfindən göstərilən 124 xidmətin vahid pəncərə altında, sadələşdirilmiş şəkildə və heç bir məhdudiyyət olmadan həyata keçirilməsinin şəffaflığın və effektivliyin təminatında mühüm rol oynadığını qeyd edib.

O cümlədən, qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) ilə bağlı layihələrinin icrası işləri yekunlaşmaq üzrədir və ilk “DOST” mərkəzinin 2019-cu ilin ilk aylarında istifadəyə verilməsi planlaşdırılır.

Cənab nazir bildirib ki, vətəndaşların dövlət sosial xidmətləri ilə bağlı Nazirliyə müraciətləri əsasında onlarla bağlı toplanmış məlumatları (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, əlillik və s. üzrə) özündə ehtiva edən “e-sosial” internet portalı artıq fəaliyyət göstərir və portalın 
təkmilləşdirilməsi istiqamətində aparılan işlər növbəti il ərzində davam etdiriləcək.

Azərbaycanda qeyri-neft sektorunun işçiləri üçün vergi yükünün azaldılmasını və məşğulluq sahəsində qanunvericiliyə edilən dəyişiklikləri müsbət hal kimi vurğulayan cənab nazir qeyri-formal məşğulluğun qarşısının alınması və bu sahədə işlərin koordinasiyalı təşkili məqsədilə Vergilər Nazirliyi və digər aidiyyəti dövlət qurumları ilə əməkdaşlığın davam etdiriləcəyini bildirib.

Çıxışdan sonra AHK Azərbaycan üzvlərinin qeyd olunan məsələlər ilə bağlı suallarını cavablandıran cənab nazir biznes nümayəndələrini davam etdirilən islahatlar və həyata keçirilən işlərə öz rəy və təklifləri ilə
dəstək verməyə çağırıb.

 


Bütün xəbərlər