“Azərbaycan Dəmir Yolları” və “Stadler Rail Group” Bakı-Tbilisi-Qars marşrutu üçün vaqon istehsalını müzakirə etdilər

16.11.2017,16:02


15 noyabr, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları”  QSC-nin sədri Cavid Qurbanov İsveçrənin  “Stadler Rail Group” şirkətinin prezidenti Peter Şpuleri qəbul edib.

QSC-nin məlumatında deyildiyi kimi, görüş zamanı tərəflər Bakı-Tbilisi-Qars marşrutu üzrə gələcəkdə hərəkət edəcək sərnişin qatarları üçün "Stadler" şirkətinə sifariş olunmuş 30 ədəd yataq tipli vaqonun hazırlanmasının icra vəziyyətini müzakirə etdilər.

“Stadler” şirkəti, marşrut üçün "standart", "komfort", "biznes" və "restoran" olmaqla dörd kateqoriyada vaqon istehsal edir.

“Azərbaycan Dəmir Yolları” QSC İsveçrənin “Stadler Rail Group”  şirkəti ilə 2015-ci ildən əməkdaşlıq edir. “Stadler Rail Group” şirkətindən “Minsk Stadler” zavodunda istehsal olunan KİSS markalı beş ədəd ikimərtəbəli elektrik qatarı alınıb və Bakı-Sumqayıt-Bakı marşrutunda işləyir.

Hər biri dörd vaqondan ibarət olan elektrik qatarlarında sərnişinlərin yüksək keyfiyyətli ictimai nəqliyyata artan tələbatını ödəmək üçün hər cür şərait var. Hər qatarın ümumi sərnişin tutumu 919 nəfərdir, oturaq yerlərin sayı 396, bunun da 84-ü biznes-sinfinə aiddir.

 

Açar sözlər: Stadler ADY