AQTA “Sağlam məktəbli” layihəsini davam etdirir

06.12.2018,15:50


6 dekabr, Fineko/abc.az.Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları maarifləndirmə tədbirləri çərçivəsində dekabrın 6-da Nizami rayonunda yerləşən 12 saylı orta məktəbdə olublar.

Tədbirdə ilk olaraq məktəblilərə Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı məlumatlar verilib, “Qida zənciri”, “Qida məhsullarında etiket qaydaları” videoçarxları təqdim olunub, bu sahədə vətəndaş məsuliyyətinin və ictimai nəzarətin önəmindən danışılıb.

Daha sonra agentlik əməkdaşları tərəfindən “Qida təhlükəsizliyində insan amili” təqdimatı şagirdlərə nümayiş etdirilib. Məktəblilərlə görüş çərçivəsində “Məktəb bufetlərində qida təhlükəsizliyi”, “İlkin qida təhlükəsizliyi vərdişləri”, “Enerji içkilərinin ziyanları”, “Suyun və faydaları və iondan düzgün istifadə qaydaları”, “Qida zəhərlənmələri” kimi mövzularda şagirdlərlə fikir mübadiləsi aparılıb. Sonda Agentliyin mütəxəssisləri tərəfindən məktəbliləri maraqlandıran suallar cavablandırılıb və şagirdlərə sağlam qidalanma ilə bağlı maarifləndirici materiallar paylanılıb.

Qeyd edək ki, layihənin keçirilməsində məqsəd məktəblilər arasında qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır. Layihə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, AQTA-nın Bakı Şəhəri İdarəsi və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşlarının iştirakı ilə həyata keçirilir və cari ilin sonunadək Bakı şəhərində fəaliyyət göstərən 9 ümumtəhsil müəssisəsində həyata keçirilməsi nəzərdə tutulub.