SOCAR İstiqrazları rekord qiymətə satılıb

15:57 - 6.12.2018


6 dekabr, Fineko/abc.az. Növbəti faiz ödənişinə bir aydan çox vaxt qalmasına baxmayaraq, SOCAR İstiqrazları rekord qiymətə satılıb.

Socar Capital şirkətinin məlumatında deyilir ki, SOCAR İstiqrazlarının marketmeykeri “PSG Kapital” şirkətindən verilən məlumata əsasən, 5 dekabr tarixində istiqrazların satışı 1032 dollardan gerçəkləşib. Bu, buraxıldığı gündən indiyədək SOCAR İstiqrazları üzrə baş tutmuş ən yüksək satış qiymətidir.

“İstiqrazların rekord qiymətə satışı, onlara olan tələbatın kəskin artımı ilə bağlıdır”, - məlumatda belə deyilir.

SOCAR-ın 2016-cı ildə daxili bazar üçün dollarda buraxdığı istiqrazlarının müddəti 5 il, illik gəlirliliyi 5%, faiz ödənişi isə hər 3 aydan birdir.

Qeyd olunan qiymətli kağızlar üzrə indiyədək 8 dəfə faiz ödənişi olub. Növbəti faiz ödənişi 17 yanvar 2019 tarixində həyata keçiriləcək.

 

Bütün xəbərlər