Rusiya və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclası Moskvada keçiriləcək

12.12.2018,16:17


12 dekabr, Fineko/abc.az. 14 dekabr 2018-ci il tarixində Rusiya ilə Azərbaycan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 17-ci iclası keçiriləcək.

Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyindən verilən məlumata görə, iclas, Rusiya İqtisadi İnkişaf naziri Maksim Oreşkin və Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayevin sədrliyi ilə keçiriləcək.

“İclas zamanı iştirakçılar ölkələr arasında ticarət, iqtisadi əlaqələrin, o cümlədən kənd təsərrüfatı, sənaye, nəqliyyat, energetika, tikinti və turizm kimi mühüm sahələrdə mövcud vəziyyət və perspektivlərini müzakirə edəcəklər. İki ölkə iqtisadiyyatlarının diversifikasiyası, biznes dairələrinin qarşılıqlı əlaqəsi üçün şəraitin yaxşılaşdırılması və 2018-ci il sentyabrın 1-də Soçi şəhərində keçirilən Rusiya və Azərbaycan prezidentlərinin görüşü zamanı onların qəbul etdiyi qərarların həyata keçirilməsi yolları iclasın əsas mövzuları olacaq”, - məlumatda belə deyilir.

Məlumatda deyilir ki, tədbir çərçivəsində bir sıra sənədlərin imzalanması planlaşdırılır.