“Atəşgah” şirkəti elektron xidmətlərin yeni formalarını tətbiq edir

10:48 - 17.11.2017


“Atəşgah” sığorta şirkətinin idarə heyətinin yeni təyin olunmuş sədri Azər Əliyevlə müsahibə

 

- Şirkətdə rəhbərliyin dəyişilməsi, xüsusilə, sizin, “Atəşgah” şirkətinin idarə heyətinin sədri vəzifəsinə qayıtmağınızla bağlı vəziyyət necə dəyişəcək?

 

- Şirkətin idarə edilməsində ciddi dəyişikliklər gözlənilmir, çünki 2016-2018-ci illər üçün nəzərə tutulmuş inkişaf strategiyası hələ də qüvvədədir.  Strategiya tələbləri hazırkı tələblərə uyğundur və 2018-ci ildə də həmçinin aktual olacaq. “Atəşgah” sığorta şirkətinin biznesinin inkişafı strategiyasının əsas hədəfi, qarşıya qoyulmuş məqsədlərə çatmaq, xüsusilə, şirkətin satışlarında və gəlirliliyində məqsədli göstəricilərə nail olmaq, korporativ idarəetmənin keyfiyyətini təmin etmək və, əlbəttə ki, xidmət standartlarının beynəlxalq standartlara çatdırmaqdır ki, bu da beynəlxalq reytinqin əldə edilməsi məsələsinə baxmağı istisna etmir.

 

- Şirkətin, ilin əvvəlindən etibarən fəaliyyətini necə qiymətləndirirsiniz? Qarşıya qoyulmuş məqsədlərə nail olunubmu?

 

- Doqquz ay ərzində şirkət illik planın 90 faizini toplamağa nail olmuşdur, bu isə xeyli yüksək göstəricidir. Lakin biz, bununla kifayətlənmək fikrində deyilik və artıq 2018-ci il üçün büdcə və əməliyyat planının tərtib edilməsi üzərində işləməyə başlamışıq. Hal-hazırda şirkətdə İT infrastrukturunun inkişafı üzrə aktiv işlər aparılır, xüsusilə, müasir texnologiyaların tətbiqi yolu ilə xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması üzrə tədbirlər görülür. Hal-hazırda şirkət, üç məhsul üzrə onlayn satışları həyata keçirir: bu, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın icbari sığortası və xaricə gedənlərin sığortasıdır.  Gələcəkdə biz, məhsullarımızın sayını artırmağı düşünürük. Planlarımıza həmçinin, müştərilər üçün zərərlərin tənzimlənməsi haqqında informasiyaya çıxışın sadələşdirilməsi daxildir. Artıq, test rejimində işləyən müvafiq proqram təminatı hazırlanıb. Yeni xidmət müştərilərə şirkətə gedişlərə sərf olunan vaxta qənaət etməyə və tənzimlənmə prosesini elektron şəkildə izləməyə imkan verəcək.

 

- Məhsullara olan tariflərin dəyişdirilməsi şirkətin planlarına daxildirmi?

 

- Belə planlarımız hələ ki yoxdur, lakin qiymətləri bazar diktə edəcək. Yeri gəlmişkən, ölkənin sığorta bazarının incəliklərindən  biri,  bəzi “oyunçuların” apardıqları qeyri-sağlam rəqabət ucbatından  məhsulların tariflərinin təyin edilməsində problemlərin  olmasıdır.  Elə şirkətlər var ki, onlar, sığorta qanunvericiliyi səviyyəsində qadağalara baxmayaraq, icbari avtomobil sığortası üzrə mükafatlar təqdim edir. Bu isə iqtisadi cəhətdən məqsədəuyğun deyil və zərərliliyə gətirib çıxarır. Əlbəttə ki, belə şəraitdə rəqabət aparmaq çətindir...

 

- “Atəşgah” şirkətinin, satınalmalar və ya bazarda hər hansı bir şirkətlə  birləşmək planları varmı?

 

- Hal-hazırda buna zərurət yoxdur. Əgər hər hansı texnologiyaların və ya portfelin cəlb edilməsi tələb olunsaydı, bəlkə də bu məsələ aktual olardı. Lakin biz buna ehtiyac duymuruq.

 

- Azərbaycanda bu günkü sığorta bazarını necə qiymətləndirirsiniz və hansı inkişaf perspektivləriniz barədə danışa bilərsiniz?

 

- Qeyri-sabit iqtisadi duruma baxmayaraq, Azərbaycanın sığorta bazarı hal-hazırda nəinki sabitləşib, hətta artım da göstərir. Göstəricilərin artması ilə yanaşı, bazarda həmçinin icbari sığorta növləri daxil olmaqla yeni sığorta növlərinin meydana gəlməsini də qeyd etmək olar. Azərbaycanda inkişaf etməmiş, məsələn, maliyyə riskləri kimi sığorta növləri mövcuddur, lakin bu, sığorta şirkətlərinin fəaliyyəti ilə bağlıdır, əsasən, tələbin yoxluğu və ya maliyyə bazarının zəif inkişaf etməsi ilə bağlıdır. Buna bənzər vəziyyət yalnız maliyyə riskləri ilə deyil, həmçinin digər risklərlə də yaranıb,  çünki vətəndaşların buna ehtiyacı yoxdur və ya onlar buna hazır deyillər və  bunu qəbul etmirlər. Bununla belə Azərbaycanın iqtisadiyyatı inkişaf etməkdədir, sığorta isə, iqtisadiyyatın  mövcud bazara uyğunlaşan bir hissəsidir. 2018-ci ildə Azərbaycanın sığorta bazarının inkişafı davam edəcək, lakin yeni iştirakçıların  və ya məhsul xəttinin meydana gəlməsi ilə bağlı ciddi dəyişikliklər gözlənilmir. Düşünürəm ki, bazarda canlanmanı hələ bir ildən sonra müşahidə edəcəyik.

 

- Sığorta şirkətlərinin hazırkı sayı mövcud tələblərə uyğundurmu?

 

- Xeyr, şirkətlərin sayı hələ də çoxdur və uzun illər ərzində bazarda müvafiq mövqe tuta bilməyən və yığımları çoxalda bilməyən şirkətlər, digər şirkətlərlə birləşmək haqqında düşünməlidirlər. Bu, ən optimal variantdır.

 

 

 

Bütün xəbərlər