PAŞA Sığortanın təşəbbüsü ilə “Karyera üçün Təhsil” layihəsinin təqdimatı keçirilib

11:40 - 17.11.2017


PAŞA Sığortanın təşəbbüsü, “Junior Achievement Azərbaycan” (JA Azərbaycan) İB-nin təşkilatçılığı və PAŞA Holding-in dəstəyi ilə region gənclərinin peşəkar bacarıqlarının artırılması istiqamətində “Karyera üçün Təhsil” layihəsinə Göyçay və Şəki regionlarında start verilib. Bu istiqamətdə Göyçay Peşə Liseyi, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində, həmçinin 1 saylı Şəki Peşə məktəbi və  Şəki Dövlət Texniki Kollecində layihənin təqdimatı keçirilib.

Layihədə maraqlı olan 500-dən çox gəncin iştirak etdiyi təqdimat mərasimində layihə barədə geniş məlumat verilib. Qeyd olunub ki, gənclərin bilik və bacarıqlarını, məşğulluq imkanlarını artırmağı qarşısına məqsəd qoyan “Karyera üçün Təhsil” layihəsi peşəkar bacarıqların, maliyyə savadlılığının və sahibkarlıq biliklərinin artırılması istiqamətində təlimlər vasitəsi ilə gəncləri gələcək karyeralarında uğur qazanmaları üçün istiqamətləndirir.

2017-2018-ci tədris ilini əhatə edən layihədən hər iki region üzrə peşə məktəblərində təhsil alan, ümumi təhsil pilləsindən sonra təhsilini davam etməyən və ya işsiz olan 17-29 yaş arası 200 gənc faydalanacaq. Layihənin iştirakçısı olacaq gənclərə peşəkar inkişaf təlimləri ilə yanaşı turizm, kənd təsərrüfatı, marketinq, satış və digər sahələr üzrə peşə yönümlü təlimlər keçiləcək. Eyni zamanda, layihənin son mərhələsində təşkil edilməsi nəzərdə tutulan təcrübə proqramı Göyçay və Şəki gənclərinin məşğulluq imkanlarını artırmağa şərait yaradacaq.

Təqdimat zamanı iştirakçılara metodiki vəsaitlər və məlumat xarakterli bukletlər paylanıb, gənclərin layihə ilə bağlı sualları cavablandırılıb. Təqdimatın sonunda iştirakçıların seçim prosesi keçirilib. Seçim mərhələsinin nəticəsi olaraq seçiləcək 200 gənc noyabr ayından etibarən peşəkar inkişaf təlimlərində iştirak imkanı əldə edəcəklər.

PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” korporativ və fərdi müştərilərə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və  digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

 

Bütün xəbərlər