“Azərsu” Tovuz rayonunun beş cəbhəyanı kəndində pulsuz su təchizatı infrastrukturu yaradılıb

17:02 - 21.12.2018


21 dekabr, Fineko/abc.az. Milli su operatoru “Azərsu” Tovuz rayonunun su təchizatının yaxşılaşdırılması layihələrini uğurla həyata keçirir.

ASC-in məlumatında deyilir ki, Tovuz rayonunun beş cəbhəyanı kəndində su təchizatı infrastrukturu yaradılıb.

“Tovuz rayonunda həyata keçirilən layihələr rayonun Qədirli, Xatınlı, Çilovdarlı, Qaraxanlı və Əlimərdanlı kəndlərini əhatə edib. Su təchizatı layihələrinin icrasına 2018-ci ilin yayında başlanılıb. Layihəyə uyğun olaraq 2 subartezian quyusu qazılıb, hər birinin tutumu 600 kubmetr olan 2 mövcud su anbarı yenidən qurularaq istismara  verilib. Eyni zamanda anbar ərazisində müasir hidrofor tipli nasos stansiyası quraşdırılıb. Kəndlərdə müxtəlif diametrli borularla 42 km su xətləri çəkilib və əhalinin ümumi istifadəsi üçün 184 bulaq quraşdırılıb”, - məlumatda belə deyilir.

Məlumatda deyilir ki, Tovuz rayonunun 5 kəndində icra olunan içməli su layihəsindən 12 mindən çox sakin faydalanıb.Su təchizatı ümumi istifadə əsasında bulaqlar vasitəsilə  aparıldığından əhalidən ödəniş tələb olunmur.

 

Bütün xəbərlər