AzFinance-dan şirkətlər üçün endirim kampaniyası: kreditdən daha sərfəli

10:29 - 25.12.2018


25 dekabr, Fineko/abc.az.  AzFinance İnvestisiya Şirkəti, biznesə bank kreditlərindən 2 faiz bəndi daha aşağı dərəcə ilə istiqraz buraxmaqla maliyyə cəlb etməyə təklif edir.

Məsələn, bank bir şirkətə 15 faizlə kredit təklif edirsə, AzFinance eyni məbləğdə vəsaitin 13 faizlə cəlb edilməsini təmin edir. Bu endirimdən yalnız hesabatları auditdən keçmiş şirkətlər yararlana bilər. Endirim 31 yanvar 2019-cu il tarixinədək edilən müraciətlərə tətbiq ediləcək.  

AzFinance İnvestisiya Şirkəti, emissiya edilən istiqrazları özü alır və ya alışına zəmanət verir. Yəni hansısa bir şirkət istiqraz buraxan zaman bu kağızların satılıb və vəsaitin cəlb edilməsində əmin ola bilər.

Borcun məbləği 100 min manatdan 5 milyon manatadək təşkil edə bilər. İstiqrazlar 12, 18, 24 aylıq müddətə emissiya edilə bilər. Borcun əsas məbləği yalnız müddətin sonunda geri ödənilməlidir. Faizlər aylıq, rüblük, altı aydan bir və müddətin sonunda ödənilə bilər. Ən əsası isə şirkətin risklərindən asılı olaraq girov tələb edilməyə bilər.

İstiqraz kreditlə oxşar xüsusiyyətlərə malik borc alətidir. Əsas fərqlər ondan ibarətdir ki, istiqraz buraxan şirkətdən girov tələb edilməyə bilər, bu şirkət borcun şərtlərini özü müəyyən edir, əsas məbləği müddətin sonunda ödəyə bilir və bu borcu istənilən şəxsə sata bilir. Şirkətlər kapital bazarlarına çıxış nəticəsində istiqrazlar vasitəsilə daha aşağı faizlə daha böyük kapital cəlb edə bilir.

AzFinance artıq iki böyük şirkəti maliyyələşdirib

AzFinance İnvestisiya Şirkəti 2018-ci ildə artıq iki böyük şirkət üçün istiqraz emissiya etməklə vəsait cəlb edib. METAK şirkəti illik 14 faizlə girovsuz 2 milyon manat, BOKT Embafinans illik 10,5 faizlə girovsuz 3 milyon manat cəlb edib.

AzFinance İnvestisiya Şirkəti biznesi maliyyələşdirməyə davam etmək niyyətindədir. Şirkət 2019-cu ildə 50 milyon manat məbləğində istiqraz buraxılışını dəstəkləməyi qarşısına məqsəd qoyub. Qeyd edək ki, AzFinance İnvestisiya Şirkətinin Bakı Fond Birjasında dövriyyəsi 2018-ci ildə 4 milyard manatı üstələyib.

Bütün xəbərlər