İlham Əliyev: İstədiyimiz halda, bütün kreditorlarla ən çox bir il müddətinə hesablaşa bilərik

12:32 - 26.12.2018


26 dekabr, Fineko/abc.az.  Azərbaycan prezidenti İlham Əliyev “Rusiya-24” telekanalına müsahibə verib.

İlham Əliyevin sözlərinə görə, 2018, ümumiyyətlə, ölkə üçün uğurlu oldu.

“Daxili siyasi proseslər baxımından ölkə uğurla inkişaf etmişdir. Azərbaycan daxilində potensial risklər yoxdur. Xarici potensial risklərə gəldikdə, biz onlardan özümüzü qoruya bilirik. Əlbəttə ki, hər zaman olduğu kimi, iqtisadi islahatlara böyük əhəmiyyət verirdik və 2018-ci ilin bu baxımdan çox əhəmiyyətli olduğunu düşünürəm. Dünya Bankının Doing business qiymətinə görə, bu il ərzində Azərbaycan 32 pillə yüksəlib və dünyada 25-ci yeri tutub. Yəni bu bildirir ki, biznesin asanlaşdırılması, şəffaflıq, sahibkarlığın dəstəklənməsi baxımından bu islahatlar yaxşı nəticələr vermişdir. Əlbəttə, bu, bizim investisiya reytinqimizi artırır və bu il biz, 10 milyard dollar sərmayə cəlb etmişik”, - deyə prezident bildirib.

Onun sözlərinə görə, inflyasiya 2%-dən bir qədər çox olub, əhalinin gəlirləri 9%-dən çox artıb, valyuta ehtiyatları artırılıb. Xarici borc təxminən ÜDM-in 20% səviyyəsindədir və xarici borcun ÜDM-in 10%-ə endirilməsi üçün önümüzdəki illər üçün strategiya hazırlanmışdır.

“Məncə, bu, olduqca real olacaq. Bununla bağlı həmçinin deməliyəm ki, bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan təxminən 5 dəfə çoxdur. Yəni istədiyimiz halda, bütün kreditorlarla ən çox bir il ərzində hesablaşa bilərik. Yəni, makroiqtisadi vəziyyət sabitdir”, - İlham Əliyev bunu deyib.

 

Bütün xəbərlər