330x110
 

İranın Astara şəhərində Azərbaycan yükaşırma terminalı 2020-ci ilin əvvəlində hazır olacaq

26.12.2018,17:18


26 dekabr, Fineko/abc.az. İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti və İranın yollar və şəhərsalma naziri Məhəmməd Eslamin rəhbərlik etdiyi İran nümayəndə heyəti Astara yükaşırma terminalının tikintisinin gedişi ilə tanış olublar.

İqtisadiyyat Nazirliyinin məlumatında deyilir ki, həmsədrlər həmçinin Astaraçay çayı üzərində yeni körpünün inşa olunacağı əraziyə baxış keçiriblər.

“Astara yükaşırma terminalı 35 hektar sahədə yerləşir və tikinti işləri iki mərhələ üzrə həyata keçirilir. Artıq birinci mərhələ üzrə Astaraçay və Kəmərbəndi körpüsü arasında 1400 metrlik dəmir yolunun, Bağçasaray körpüsünün, eləcə də Kəmərbəndi körpüsünün Ərdəbil və Rəşt istiqamətində 1440 metr uzunluğunda avtomobil yolunun tikintisi tamamlanaraq istifadəyə verilib. Astara yükaşırma terminalının 10 hektar ərazisində isə torpaq işlərinin 90%-i, suötürücü kanalın tikintisi işlərinin 85%-i yerinə yetirilib, 1,6 km uzunluğunda dəmir yol xətti inşa olunub, 1800 m2-lik yükdoldurma-yükboşaltma platforması və gömrük binası tikilərək istifadəyə verilib. Ümumilikdə, tikinti-quraşdırma işlərinin 2020-ci ilin 1-ci rübünün sonunadək başa çatdırılması nəzərdə tutulur”, - məlumatda belə deyilir.