Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

27.12.2018,17:14


27 dekabr, Fineko/abc.az. Dekabrın 27-də Baş nazir Novruz Məmmədovun sədrliyi ilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il üçün iş planı”na uyğun olaraq, Nazirlər Kabinetinin növbəti iclası keçirilib.

İclasın gündəliyinə iki məsələ - “Azərbaycan Respublikasının 2019-2024-cü illər üzrə kibertəhlükəsizlik strategiyası”nın layihəsinin müzakirəsi” və “İctimai əhəmiyyətli qurumlarda Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının tətbiqi vəziyyəti barədə hesabat” daxil edilib.

Geniş fikir mübadiləsindən sonra qərara alınıb ki, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin mövzu ilə bağlı məruzəsi nəzərə alınmaqla, “Azərbaycan Respublikasının 2019-2024-cü illər üzrə kibertəhlükəsizlik Strategiyası”nın razılaşdırılmış layihəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilməsi üçün təqdim olunsun.

İkinci məsələ üzrə isə qərara alınıb ki, maliyyə naziri Samir Şərifovun hesabat məruzəsi nəzərə alınmaqla, Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası aidiyyəti təşkilatlarla birgə Hesabatdan irəli gələn məsələlərlə bağlı zəruri tapşırıqları özündə əks etdirən Azərbaycan Respublikası Nazirlər Kabineti sərəncamının layihəsi hazırlansın.

Açar sözlər: Novruz Məmmədov