İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik etdi

10:47 - 4.01.2019


4 yanvar, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib..

Müraciətdə dövlət başçısı Azərbaycanın bütün pravoslav xristianlarını müqəddəs Milad bayramı münasibətilə təbrik etdi, hər birinə ən səmimi arzu və diləklərini çatdırdı.

“Müasir dünyada multikulturalizmin ünvanlarından birinə çevrilən Azərbaycan Respublikası yüksək humanizm və dözümlülük prinsiplərinə əsaslanan mütərəqqi ictimai dəyərlərin demokratik birgəyaşayış norması kimi qəbul edildiyi nümunəvi cəmiyyətə malikdir.

Tarixən müxtəlif dinlərin və millətlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində vahid ailə kimi yaşadığı Azərbaycanda pravoslavlıq say etibarilə ən böyük xristian konfessiyasıdır. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, bu gün cəmiyyətimizin ayrılmaz hissəsi olan pravoslav xristian icması digər dini etiqadların mənsubları ilə birgə respublikamızın tərəqqisi naminə həyata keçirilən böyük quruculuq işlərində, vətəndaş həmrəyliyinin daha da möhkəmləndirilməsində fəal iştirak edir, dinlərarası əməkdaşlıq və etimad mühitinin inkişafına öz layiqli töhfələrini verir. İnanıram ki, pravoslav xristian icması bundan sonra da ümumi evimiz olan Azərbaycanın daha da güclənməsi naminə əlindən gələni əsirgəməyəcəkdir”, - müraciətdə belə deyilir.

 

Bütün xəbərlər