Bakı Ali Neft Məktəbində “Süni intellekt nədir?” adlı layihə keçirilib

10:33 - 7.01.2019


7 yanvar, Fineko/abc.az. Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə “Süni intellekt nədir? – Gənc alimlər izah edir.” adlı layihə həyata keçirilib. Layihənin əsas məqsədi gənclərin elmə marağının artırılması, həmçinin tələbələrlə gənc alimlər arasında ünsiyyətin yaradılması olub.

Layihədə iştirak etmək üçün müxtəlif universitetlərdən 150 nəfərdən çox tələbə müraciət edib. Elektron qeydiyyat zamanı layihədən gözləntilərini ən yaxşı ifadə edən 100 nəfər iştirakçı seçilib. Layihə ərzində “Süni intellekt nədir?”, “Dünyada süni intellektə mövcud elmi yanaşmalar hansılardır?” və “Smart materiallar nələrdir” adlı mövzularda 3 təlim keçirilib.Təlimlərdə BANM, Orta Doğu Texniki Universiteti (Türkiyə), Milan Politexnik Universiteti (İtaliya), Aaxen Texniki Universiteti (Almaniya), İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti, Tibb Universiteti və digər ali təhsil müəssisələrinin tələbələri iştirak ediblər.

Layihəyə rəhbərlik edən BANM-ın Tələbələrlə iş şöbəsinin rəisi Həbibə Hacıyeva bildirib ki, təlimlər zamanı iştirakçılar verilən mövzularda nəzəriyyənin tətbiqləri və nəticələrinə dair yanaşmalarla tanış olub, bu istiqamətdə fikir mübadiləsi aparıblar.

Təlimlərdən sonra isə iştirakçılar komandalara bölünərək gənc alimlər tərəfindən onlara verilən aidiyyatı mövzular ətrafında birgə qrup işlərinə başlayıblar. Komandalar verilmiş problem və onun mümkün həll yollarını işləyiblər, qrup liderləri tərəfindən isə son nəticələr posterlər və prezentasiyalarda təqdim edilib.

Layihənin sonunda təlimi uğurla başa vuran iştirakçılar sertifikatlarla təltif edilib, xüsusi fəallığı ilə seçilən 10 nəfər iştirakçıya isə fərqlənmə diplomları və mükafatlar təqdim olunub.

Layihə çərçivəsində iştirakçılar qrup şəklində işləmə, qrupun idarə edilməsi, informasiya mübadiləsinin aparılması və liderlik kimi bacarıqları inkişaf etdiriblər.

 

Bütün xəbərlər