Vergilər Nazirliyi Azərbaycan Dövlət Neft Şirkəti ətrafında yayılan söhbətləri şərh etdi

10.01.2019,16:55


10 yanvar, Fineko/abc.az. Vergilər Nazirliyi Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) yoxlamalar haqqında yayılan söhbətlərə münasibət bildirib.

Vergilər Nazirliyi ilə SOCAR-ın birgə müraciətində deyilir ki, SOCAR regionun ən böyük milli şirkətlərindən biri olmaqla həm əvvəlki illərdə, həm də 2018-ci ilin nəticələrinə görə də Azərbaycan dövlət büdcəsinin gəlirlərini təmin edən böyük vergi ödəyicilərindən biridir. Bununla yanaşı, şirkət həm də dünyanın 20-dək ölkəsində dövlətimizin maraqlarını təmin etməklə, ölkəmizə böyük gəlirlər gətirir.

“Bütün şirkətlərdə, o cümlədən SOCAR-da yoxlamaların aparılması Azərbaycan Respublikası Vergilər Nazirliyinin əsas və birbaşa funksional vəzifələrindən biridir. Vergilər Nazirliyi hər il planlı şəkildə iri vergi ödəyicilərində, o cümlədən SOCAR-da müvafiq yoxlamalar aparır və bu il keçirilən yoxlama da növbəti səyyar vergi yoxlamasıdır.

Bu yoxlamaların SOCAR-ın inzibatı strukturunda aparılan hər hansı dəyişikliklərlə əlaqələndirilməsi yanlışdır”, - deyə məlumatda vurğulanır.