Azərbaycanda bir sıra dövlət qurumu könüllülük əsasında fəaliyyət göstərəcək

15.01.2019,11:06


15 yanvar, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev ölkədə dövlət idarəçiliyinin təkmilləşdirilməsinə dair əlavə tədbirlər haqqında fərman imzalayıb.

Fərmanın məqsədi dövlət idarəetməsini yaxşılaşdırmaq, dövlət orqanları və qurumlarının fəaliyyətini optimallaşdırmaq, büdcə vəsaitlərindən səmərəli istifadə etməkdir.

Fərmana əsasən, Azərbaycan Prezidenti yanında Elmin İnkişafına dəstək Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti özünü maliyyələşdirmə prinsipləri əsasında yenidən təşkil olunacaq. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Bilik Fondu və Prezident yanında Strateji Araşdırmalar Mərkəzi ləğv olunacaq.

Dövlət Sirrinin Mühafizəsi Üzrə Idarələrarası Komissiyanın Katibliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu, sir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Tarif (qiymət) Şurasının katibliyi  həmçinin ləşv edilir. Onların fəaliyyəti  yenidən təşkil ediləcək və  ictimai əsaslarla həyata keçiriləcək .