Şahdağ və Tufandağ MDB-nin qış tətilləri üçün ən yaxşı məkanlarının üçlüyünə daxil olub

10:38 - 21.01.2019


21 yanvar, Fineko/abc.az. “TurStat” Analitik Agentliyi Ümumdünya Qar Günü kimi qeyd olunan 20 yanvar 2019-cu il tarixində aparılan internet sorğunun nəticəsi olaraq MDB ölkələrinin ən yaxşı qış kurortlarının siyahısını təqdim etdi.

MDB-nin qış tətilləri üçün ən yaxşı beş kurort şəhərləri arasında Belarus, Qazaxıstan, Azərbaycan, Ermənistan və Qırğızıstandakı kurortların adı çəkilib.

“TurStat”ın verdiyi məlumata görə, səslərin 16%-i Azərbaycandakı Şahdağ və Tufandağ, 23%-i Qazaxıstanda Almatı yaxınlığında yerləşən Şımbulaq, 32%-i Belarusda Minsk vilayətində yerləşən Loqoysk və Silisiçiyə verilib.

Ermənistanda yerləşən Tsaxkadzor 8% səslə və Qırğızıstanın Qaragöl kurortu 6% səslə MDB ölkələrinin ən yaxşı 5 qış kurortlarının siyahısına daxil olub. Özbəkistanda Çimqana 5% səs verilib.

Ümumdünya Qar Günü Beynəlxalq Xizəksürmə İdmanı Federasiyasının təşəbbüsü ilə 2012-ci ildən başlayaraq  yanvar ayının son bazar günündən əvvəlki bazar günü  qeyd olunur.

 

Bütün xəbərlər