Azərbaycan rəqəmsal nəqliyyat mərkəzinə çevrilir

15:47 - 21.01.2019


21 yanvar, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC infrastrukturunun yenilənməsi çərçivəsində dəmir yollarının qorunma zolağı boyunca yeni fiber-optik kabel xətlərinin tikintisinə başlayıb.

ADY-nin məlumatında deyilir ki, işlər, Azərbaycanı nəqliyyat qovşağına çevirmək üzrə layihə çərçivəsində həyata keçirilir.

“Dəmir yollarının qorunma zolağı boyunca yeni magistral fiber-optik kabel xətlərinin çəkilişi yeni dayanıqlı infrastrukturun formalaşmasına, dəmir yolları boyunca perspektivdə rəqəmsal xidmətlərin təmin edilməsi və inkişafına, stansiyalarda qabaqcıl telekommunikasiya xidmətlərinin verilməsinə şərait yaradacaq. Bu, həmçinin ölkənin mövcud magistral infrastrukturunun güclənməsinə xidmət etmiş olacaq”, - məlumatda belə deyilir.

Məlumatda həmçinin qeyd edilir ki, yeni fiber-optik kabel xətlərinin çəkilməsi və istifadəyə verilməsinin ilkin fazasının reallaşması bu il ərzində nəzərdə tutulub. ADY bu layihənin reallaşması üçün ölkənin magistral internet provayderi olan olan AzerTelecom şirkəti (AzerTelecom şirkətinin “Azerbaijan Digital Hub” layihəsi çərçivəsində) ilə əməkdaşlıq edir.

“Dəmir yollarının qorunma zolağı boyunca magistral fiber-optik kabel xətlərinin çəkilməsi ilə Azərbaycan Dəmir Yolları QSC-nin, AzerTelecom şirkətinin, ümumilikdə isə ölkəmizin telekommunikasiya infrastrukturu və mövcud regionda sahib olduğu mövqeyi daha da güclənəcək. Layihənin reallaşması həmçinin qonşu dövlətlər olan Rusiya, Gürcüstan, Türkiyə və İran ilə dayanıqlı genişzolaqlı fiber-optik kabel bağlantısının formalaşmasına, ölkənin telekommunikasiya sektorunun inkişafına təkan verəcək. Bu da Azərbaycanın hazırda Nəqliyyat və Enerji dəhlizi olmaqla yanaşı ən qısa perspektivdə həm də Regional Rəqəmsal Mərkəzə çevrilməsinə şərait yaradacaq”, - deyə məlumatda qeyd olunur.

 

Bütün xəbərlər